Azərbaycan ADB və IMF ilə əməkdaşlığı müzakirə edib

Maliyyə
  • 17 oktyabr, 2026
  • 12:55
Azərbaycan ADB və IMF ilə əməkdaşlığı müzakirə edib

Azərbaycan Beynəlxalq Valyuta Fondu (IMF) və Asiya İnkişaf Bankı (ADB) ilə əməkdaşlığı müzakirə edib.

Bu barədə "Report"a Maliyyə Nazirliyindən məlumat verilib.

Maliyyə nazirinin birinci müavini Anar Kərimov Tailandın paytaxtı Banqkok şəhərində keçirilən IMF və Dünya Bankı Qrupunun (DBQ) İllik Toplantıları çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.

A. Kərimov IMF-nin Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur və Fiskal Məsələlər Departamentinin direktoru Rodriqo Valdes ilə ayrı-ayrılıqda görüşüb. Görüşlərdə 2026-cı ildə IMF-nin Nizamnaməsinin IV maddəsi üzrə aparılmış məsləhətləşmələrin nəticələri, Azərbaycanın makroiqtisadi və fiskal siyasətinin əsas istiqamətləri, eləcə də ortamüddətli dövrdə həyata keçirilən struktur islahatları müzakirə olunub.

A.Kərimov makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafının ölkəmizin iqtisadi siyasətinin əsas prioritetləri olduğunu bildirib. O, dövlət maliyyəsinin idarə edilməsi sisteminin təkmilləşdirilməsi, büdcə xərclərinin səmərəliliyinin artırılması və fiskal dayanıqlığın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Görüşlərdə, həmçinin dövlət maliyyəsinin idarə edilməsinin rəqəmsallaşdırılması, büdcə planlaşdırılması və icrası mexanizmlərinin təkmilləşdirilməsi, nəticə əsaslı və proqram əsaslı büdcə planlaşdırılmasının tətbiqi məsələlərinə xüsusi diqqət yetirilib. Nazirin birinci müavini bu istiqamətlərdə islahatların həyata keçirilməsi və institusional potensialın gücləndirilməsi baxımından IMF-nin texniki yardımının və ekspert dəstəyinin əhəmiyyətini vurğulayıb.

Bununla yanaşı, A.Kərimov dövlət müəssisələrində aparılan islahatlar, o cümlədən monitorinq və hesabatlılıq mexanizmlərinin təkmilləşdirilməsi, fiskal risklərin qiymətləndirilməsi və dövlət müəssisələrinin fəaliyyətinə nəzarətin gücləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.

Öz növbəsində, IMF nümayəndələri tərəfindən IV maddə üzrə məsləhətləşmələrin Azərbaycanın iqtisadi siyasət prioritetlərinin qiymətləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Görüşlərdə fiskal siyasət və dövlət maliyyəsinin idarə edilməsi sahələrində əməkdaşlığın davam etdirilməsi, eləcə də prioritet istiqamətlər üzrə IMF-nin texniki yardımının genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Həmin gün Azərbaycan nümayəndə heyəti Kanadanın dövlət maliyyəsinin idarə edilməsi və rəqəmsal dövlət həlləri sahəsində ixtisaslaşmış "FreeBalance" şirkətinin prezidenti və baş icraçı direktoru Manuel Schiappa Pietra ilə görüşüb.

Görüşdə dövlət maliyyəsinin idarə edilməsi sisteminin təkmilləşdirilməsi, büdcə planlaşdırılmasının müasirləşdirilməsi və rəqəmsal həllərin tətbiqi sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. A.Kərimov ölkəmizdə dövlət maliyyəsinin idarə edilməsinin rəqəmsallaşdırılması, büdcə proseslərinin səmərəliliyinin artırılması və fiskal idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Tərəflər "FreeBalance" şirkətinin dövlət maliyyəsinin idarə edilməsi sahəsində beynəlxalq təcrübəsini müzakirə edib, büdcə planlaşdırılması, maliyyə məlumatlarının idarə edilməsi və dövlət resurslarından istifadənin səmərəliliyinin artırılması istiqamətində rəqəmsal həllərin tətbiqi imkanlarını nəzərdən keçirib. Eyni zamanda, dövlət maliyyəsi üzrə məlumatların təhlili imkanlarının genişləndirilməsi və şəffaflığın gücləndirilməsi istiqamətində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyəti Asiya İnkişaf Bankının (ADB) ABŞ-ni təmsil edən İcraçı direktoru, səfir Robert Svini (Robert Sweeny) ilə də görüşüb. Görüşdə Azərbaycan ilə ADB arasında tərəfdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, birgə həyata keçirilən layihələr, özəl sektorun inkişafına dəstək, dövlət-özəl tərəfdaşlığı və regional əməkdaşlıq məsələləri müzakirə olunub.

A.Kərimov Azərbaycanın ADB ilə uzunmüddətli tərəfdaşlığa böyük önəm verdiyini, ADB tərəfindən Azərbaycanda maliyyələşdirilən layihələrin, göstərilən texniki və maliyyə dəstəyinin Azərbaycanın inkişaf prioritetlərinin həyata keçirilməsində mühüm rol oynadığını vurğulayıb. Görüşdə, həmçinin AİB-nin Direktorlar Şurasının üzvlərinin cari ilin sentyabr ayında Azərbaycana səfəri zamanı bir sıra dövlət qurumları ilə mövcud və perspektiv layihələr üzrə aparılmış müzakirələrin ikitərəfli əməkdaşlığın inkişafına töhfə verdiyi qeyd olunub.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) bank fəaliyyəti üzrə vitse-prezidenti Ziya Əliyevlə də görüşüb. Görüşdə Azərbaycan ilə QDTİB arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf istiqamətləri müzakirə olunub.

Z.Əliyev QDTİB-nin bu ilin iyul ayında Bakıda keçirilən 28-ci İllik Toplantısının yeni tərəfdaşlıqların qurulması və investisiya imkanlarının qiymətləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, QDTİB-nin Azərbaycanın davamlı inkişafına töhfə verəcək yeni layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.

44 - Tezliklə