ADIF “Azərbaycan Kredit Bürosu” ilə müqavilə imzalayıb

Maliyyə
  • 04 aprel, 2018
  • 07:07
ADIF “Azərbaycan Kredit Bürosu” ilə müqavilə imzalayıb

Bakı. 4 apreI. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan bankların ləğvedicisi kimi “Azərbaycan Kredit Bürosu” MMC  (Büro) ilə müqavilə imzalayıb. 

"Report" Fonda istinadən xəbər verir ki, müqaviləyə əsasən, bağlanmış banklar kredit tarixçələrinin formalaşdırılması və kredit hesabatlarının verilməsi ilə bağlı Büro ilə məlumat mübadiləsi həyata keçirəcəklər.

Büronun məqsədi fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsinə dəstək verilməsidir. 

Belə ki, ləğv prosesində olan bankların müştərilərinin digər banklardakı kredit tarixçəsi ilə tanış olmaq imkanı olacaq və hər hansı müştəri ilə kredit öhdəliyinin restrukturizasiya edilməsi barədə qərar qəbul edilərkən müştərinin kredit tarixçəsi nəzərə alınacaq.

Xatırladaq ki, ADIF “Texnikabank”, “Atrabank”, “Kredobank”, “Gəncəbank”, “Zaminbank”, “Dəmirbank”, “Royalbank”, “Bank of Azerbaijan”, “Dekabank”, “Yunayted Kredit Bank” və “Qafqaz İnkşaf Bankı” ASC-lərin, eləcə də “Bank Standard" QSC-nin ləğvedicisidir.

44 - Tezliklə