Yaşar Sarı: "Orta Dəhliz kritik faydalı qazıntıların Qərb bazarlarına nəqlində yeganə əlverişli marşrutdur"
- 16 sentyabr, 2026
- 13:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Orta Dəhliz kritik faydalı qazıntıların Qərb bazarlarına çatdırılmasını təmin edə bilər.
"Report" xəbər verir ki, bunu Türkiyənin İbn Haldun Universitetinin nəzdindəki Heydər Əliyev Avrasiya Araşdırmaları Tətbiq və Tədqiqat Mərkəzinin direktoru Yaşar Sarı "Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı"nda deyib.
Onun fikrincə, bu dəhliz strateji müstəqilliyi möhkəmləndirmək, ticarət yollarını diversifikasiya etmək və xarici asılılığı minimuma endirmək məqsədilə Türk coğrafiyasını birləşdirərək həm fiziki, həm də iqtisadi cəhətdən strateji dayaq nöqtəsi funksiyasını yerinə yetirir.
"Beləliklə, sözügedən dəhliz təchizat zəncirinin diversifikasiyası baxımından Avropa İttifaqı üçün kritik və etibarlı alternativ hesab olunur. O, Şimal və Cənub istiqamətlərinə əvəz olmaqla bərabər, Çinin genişlənən geoiqtisadi inteqrasiya prosesində əhəmiyyətli qovşaq funksiyasını da icra edir. Həmin dəhliz eyni zamanda vacib enerji tranzit marşrutudur. Bu istiqamət ənənəvi karbohidrogen resurslarının daşınması üçün böyük əhəmiyyət daşıyır və bərpa olunan enerji mənbələrinin ötürülməsi yolu ilə "yaşıl transformasiya"da da mühüm rol oynamağa başlayıb. Artıq Azərbaycan, Türkiyə və bir sıra Avropa dövlətləri arasında elektrik enerjisinin nəqlinə dair müqavilə də imzalanıb".
O vurğulayıb ki, Mərkəzi Asiya dövlətlərinə, o cümlədən Tacikistana nəzər salsaq, onların müəyyən kritik mineral ehtiyatları, xüsusilə titan, mis və volfram resursları mövcuddur: "Dünya uran təchizatının təqribən 40 %-i Mərkəzi Asiya regionundan təmin edilir. Bu kontekstdə Orta Dəhliz emal edilmiş faydalı qazıntıları Rusiya və ya İran ərazisindən keçid asılılığı olmadan Qərb bazarlarına çatdırmaq üçün yeganə münasib marşrutu təqdim edir".