Volkan Mutlu Coşkun: Meterologiya sahəsində təcrübəmizi Azərbaycanla bölüşməkdən məmnunuq

İnfrastruktur
  • 19 may, 2026
  • 13:30
Volkan Mutlu Coşkun: Meterologiya sahəsində təcrübəmizi Azərbaycanla bölüşməkdən məmnunuq

Türkiyə Dövlət Meteorologiya Xidmətinin Baş direktoru Volkan Mutlu Coşkun ölkəsinin meteorologiya sahəsində təcrübəsini Azərbaycanla bölüşməkdən məmnun olduqlarını bildirib.

"Report" xəbər verir ki, o, bunu WUF13 çərçivəsində keçirilən "Erkən xəbərdarlıq sistemləri və iqlim dayanıqlı şəhərlər" adlı tədbirdə deyib.

O bildirib ki, Türkiyə erkən xəbərdarlıq sistemlərinin təməli olan müşahidə şəbəkəsi vasitəsilə anomal hava şəraitini real vaxt rejimində izləyə və qərar qəbul etmə prosesini dəstəkləyə bilir:

​"Meteoroloji məlumatlardan kənd təsərrüfatı, energetika, səhiyyə, nəqliyyat və biznesin idarə edilməsi kimi bir çox sahələrdə istifadə olunur. Xidmətimiz bu sektorlar üçün xüsusi olaraq uyğunlaşdırılmış meteoroloji xidmətlər təqdim edir. Burada siz "METEOUYARI" sistemini görürsünüz. Bu, Türkiyə Dövlət Meteorologiya Xidməti tərəfindən hazırlanmış, rəng kodları ilə işləyən erkən xəbərdarlıq sistemidir. Bu, Avropadakı "Meteoalarm" sistemi kimi rəngli kodlaşdırmadan istifadə edir. O, insanların və qurumların hava xəbərdarlıqlarını daha asan başa düşməsinə kömək edir. Ümumdünya Meteorologiya Təşkilatının təsnifatına uyğun olaraq, biz qabaqcıl iqlim xidmətləri göstəririk."

V.M.Coşkunun sözlərinə görə, bu xidmətlərə iqlim müşahidələri, məlumatların idarə edilməsi, mövsümi proqnozlar və uzunmüddətli proqnozlaşdırmalar daxildir:

​"Bizim iqlim monitorinqi və qiymətləndirilməsi hesabatlarımız həm türk, həm də ingilis dillərində dərc olunur. Bu hesabatlar iqlim meyllərinin izlənilməsi və qərar qəbul edən şəxslərin dəstəklənməsi üçün mühüm əhəmiyyət kəsb edir. 1991-ci ildən bəri hər ay 130 stansiya üçün isitmə və soyutma dərəcə-gün (degree-day) göstəricilərinin tədqiqatları hazırlanır. Bu tədqiqatlardan qərar qəbul edən şəxslər tərəfindən enerji səmərəliliyini artırmaq və karbon emissiyalarını azaltmaq üçün istifadə olunur."

Türkiyəli xidmət rəhbəri tədbirin təşkilinə görə Azərbaycana təşəkkür edib. O, Türkiyənin meteorologiya sahəsində təcrübəsini Azərbaycanla bölüşməkdən məmnun olduğunu vurğulayıb.