Tszyan Vey: "Lianyungan limanı Azərbaycanın logistika obyektlərinə investisiya imkanlarını araşdırmağa hazırdır"- MÜSAHİBƏ

İnfrastruktur
  • 01 oktyabr, 2026
  • 13:47
Tszyan Vey: Lianyungan limanı Azərbaycanın logistika obyektlərinə investisiya imkanlarını araşdırmağa hazırdır- MÜSAHİBƏ

Çin və Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) əsas strateji halqaları kimi mövqelərini ardıcıl surətdə möhkəmləndirir, Asiya-Sakit Okean regionu bazarlarının Avropa ilə etibarlı əlaqəsini təmin edir. Avrasiya multimodal daşımalarına tələbatın sürətlə artması fonunda Çinin şərq qapısı olan Lianyungan limanı ilə Azərbaycanın nəqliyyat-logistika infrastrukturu, o cümlədən Bakı Beynəlxalq Dəniz Limanı və dəmir yolu şəbəkəsi arasında praktiki əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Avrasiyada transsərhəd infrastruktur layihələrinin uğurlu icrası nəticəsində qazanılmış təcrübə kapital, rəqəmsallaşma və "yaşıl logistika" sahəsində tərəfdaşlığın dərinləşdirilməsi üçün möhkəm zəmin yaradır.

Lianyungan limanının xarici əlaqələr üzrə vitse-prezidenti Tszyan Vey (Jiang Wei) "Report"a eksklüziv müsahibəsində marşrut üzrə yüklərin çatdırılma müddətinin 15-20 günə qədər azaldılmasının təmin edilməsi yolları, Azərbaycanın liman infrastrukturuna birbaşa investisiya qoyuluşu üçün açılan perspektivlər, həmçinin informasiya sistemlərinin və "yaşıl limanlar" prinsiplərinin inteqrasiyasının TBNM-in rəqabət qabiliyyətinə göstərəcəyi təsir barədə danışıb.

Həmin müsahibəni oxucularımıza təqdim edirik:

- Lianyungan limanı Azərbaycanın marşrut üzrə hazırkı buraxılış qabiliyyətini və TBNM-in fasiləsiz fəaliyyətinin təmin edilməsində Azərbaycan limanlarının rolunu necə qiymətləndirir?

- Azərbaycan Şərqlə Qərb arasında TBNM-in əsas əlaqələndirici halqasıdır və Xəzər nəqliyyat seqmentinin Qafqaz, Qara dəniz hövzəsi və Avropa satış bazarları ilə əlaqəsinin təmin edilməsində son dərəcə vacib funksiyanı yerinə yetirir. Xüsusilə Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Limanı Transxəzər logistika zəncirinin ən mühüm qovşaq məntəqəsidir və Xəzər dənizinin hər iki sahilində yükdaşımaların əlaqələndirilməsində səmərəliliyin artırılması, habelə beynəlxalq konteyner qatarlarının dayanıqlı hərəkətinin və konteyner dövriyyəsinin təmin edilməsində mühüm əhəmiyyətə malikdir.

Son illər ərzində Çin və Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlıq və logistika sahəsində əlaqələr planlı şəkildə genişlənir, yüklərin Qazaxıstan ərazisi, Xəzər dənizi akvatoriyası və Azərbaycandan keçməklə Avropaya daşınmasına olan tələbat isə durmadan artır. Əminik ki, TBNM üzrə yük axınlarının həcmi artdıqca, Azərbaycanın liman, dəmir yolu və logistika infrastrukturunun rolu daha da güclənəcək.

Lianyungan limanı üçün "Azərbaycan Dəmir Yolları" QSC (ADY) və Bakı limanı kimi tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsini davam etdirmək, liman obyektlərinin, dəmir yolu və dəniz nəqliyyatının fəaliyyətinin əlaqələndirilməsini təkmilləşdirmək, Çinin şərq sahilindəki limanları TBNM strukturuna daha dərindən inteqrasiya etmək və birgə səylərlə bütün nəqliyyat dəhlizinin etibarlılığını, operativliyini və bazarda rəqabət qabiliyyətini artırmaq prinsipial əhəmiyyət kəsb edir.

- "Çin-Azərbaycan-Avropa" marşrutu üzrə tranzit vaxtını əlavə olaraq 15-20 günə qədər azaltmaq üçün Lianyungan limanı və azərbaycanlı tərəfdaşlar birlikdə hansı tədbirləri görməlidir?

- Hesab edirik ki, daşıma müddətinin azaldılmasını yalnız bir limanın və ya logistika zəncirinin hər hansı bir ayrıca halqasının köməyi ilə təmin etmək qeyri-mümkündür. Bu məqsədə çatmaq üçün dəmir yolu operatorları, liman terminalları, gəmiçilik şirkətləri, gömrük xidmətləri və nəqliyyat zəncirinin digər iştirakçıları arasında sıx koordinasiya tələb olunur.

İlk növbədə, konteyner qatarlarının və dəniz gəmilərinin cədvəllərini liman əməliyyatlarının qrafikləri ilə daha diqqətlə sinxronlaşdırmaq, yükaşırma, anbarlama və yola düşməni gözləmə müddətində yaranan boşdayanma vaxtını minimuma endirmək lazımdır. İkincisi, Xəzərin qarşı sahillərindəki limanlar arasında qarşılıqlı əlaqənin keyfiyyəti artırılmalı, ilk növbədə, Aktau və Bakı kimi qovşaq nöqtələrində əməliyyat uzlaşdırılmalıdır.

Üçüncüsü, nəqliyyat sahəsində məlumat mübadiləsini dərinləşdirmək, dəmir yolu operatorlarına, limanlara və yük göndərənlərə konteynerlərin yerini, qatarların və gəmilərin hərəkətini, liman əməliyyatlarının gedişatını öncədən izləməyə və daşımanın növbəti mərhələsini əvvəlcədən təşkil etməyə imkan yaratmaq vacibdir. Dördüncüsü, gömrük prosedurlarının və sənəd dövriyyəsinin operativliyinin artırılması, nəqliyyat rəsmiləşdirmələrinin unifikasiyasına və sadələşdirilməsinə nail olmaq prinsipial əhəmiyyət kəsb edir.

Lianyungan limanı Azərbaycandan olan tərəfdaşlarla birgə yükdaşımaların təşkili üzrə daha dayanıqlı və səmərəli model qurmağa, ümumi səylərlə hər bir tranzit qovşağında boşdayanma vaxtını minimuma endirməyə, eləcə də proqnozlaşdırıla bilən çatdırılma müddətlərinə və yüksək xidmət səviyyəsinə malik rəqabətədavamlı TBNM nəqliyyat məhsulunu mərhələli şəkildə formalaşdırmağa hazırdır.

- Lianyungan limanı Azərbaycan ərazisindəki liman infrastrukturuna, logistika komplekslərinə və ya quru limanlara birbaşa investisiya qoyuluşu imkanını nəzərdən keçirirmi?

- Lianyungan limanı Azərbaycanın liman-logistika infrastrukturunun yaradılması və idarə olunmasında iştirakla bağlı konstruktiv və açıq mövqe tutur. Əməkdaşlıq illəri ərzində Lianyungan limanı qazaxıstanlı tərəfdaşlarla birlikdə bir sıra önəmli layihələri uğurla həyata keçirib, onların arasında "Lianyunganda Çin-Qazaxıstan Beynəlxalq Logistika Şirkəti" MMC, "KTZE - Khorgos Gateway" quru limanı, həmçinin Xəzər dənizinin şərq sahilində yerləşən "Aktau Beynəlxalq Konteyner Qovşağı" MMC yer alır.

Əldə olunmuş praktiki təcrübə sübut edir ki, kapital və birgə idarəetmə səviyyəsində tərəfdaşlıq nəqliyyat dəhlizi boyunca logistika qovşaqları arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsinə və beynəlxalq yük daşımaları üçün daha dayanıqlı infrastruktur bazasının formalaşmasına kömək edir.

Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas halqası kimi çıxış edir. Liman konteyner liman infrastrukturunun, logistika obyektlərinin və əlaqəli layihələrin inşası və istismarı sahəsində əməkdaşlıq perspektivlərini Azərbaycan tərəfi ilə birgə təhlil etməyə hazır olduğunu bildirir. Konkret investisiya təşəbbüslərinə gəldikdə, hər iki tərəf bazar konyunkturasını, yük bazasını, reallaşdırma şərtlərini və investisiya modelini nəzərə almaqla hərtərəfli araşdırma və texniki-iqtisadi əsaslandırma aparmalıdır.

- Hazırda Lianyungan limanının və Azərbaycan limanlarının informasiya sistemlərinin inteqrasiyası istiqmətində iş aparılırmı? Yük daşımalarının və gömrük rəsmiləşdirilməsi prosedurlarının səmərəliliyini artırmaq məqsədilə "bir pəncərə" mexanizminin, elektron qaimələrin və digər rəqəmsal həllərin tətbiqi imkanı araşdırılırmı?

- Rəqəmsal transformasiya və informasiya inteqrasiyası TBNM-in fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət edən əsas alətlərdir və xüsusi diqqət yetirdiyimiz prioritet əməkdaşlıq istiqamətlərindən biridir.

Hazırkı mərhələdə Lianyungan və Xorqos arasında məlumat mübadiləsi üçün baza infrastrukturu yaradılıb və hazırda biz üç əsas logistika qovşağının – Lianyungan, Xorqos və Aktaunun informasiya inteqrasiyası üzərində fəal şəkildə işləyirik. Biz əldə olunmuş nəticələrə əsaslanaraq müvafiq informasiya zəncirinin Azərbaycan istiqamətində genişləndirilməsi perspektivini dərindən araşdırmaq, həmçinin ADY, Bakı limanı və digər tərəfdaşlarla məlumat mübadiləsi və informasiya sistemlərinin qarşılıqlı uyğunluğu məsələlərini müzakirə etməyi planlaşdırırıq.

İlkin mərhələdə ən çox praktiki əhəmiyyət kəsb edən aktual məlumatlara, xüsusən də konteynerlərin statusu, konteyner qatarlarının hərəkəti, liman əməliyyatları, Xəzər dənizində gəmiçilik barədə məlumatlara, eləcə də ştatdankənar vəziyyətlər və yaranan kənaraçıxmalar haqqında məlumatlara diqqət yetirmək nəzərdə tutulur. Əsas vəzifə daha bir informasiya sisteminin yaradılması deyil, vaxtında aparılan məlumat mübadiləsi sayəsində dəmir yolu operatorları, limanlar və dəniz daşıyıcılarının sonrakı əməliyyatları əvvəlcədən planlaşdırmasını və boşdayanma vaxtını minimuma endirməsini təmin etməkdir.

Gələcəkdə biz azərbaycanlı tərəfdaşlarla birlikdə elektron nəqliyyat sənədlərindən istifadə, "bir pəncərə" mexanizminin və digər rəqəmsal alətlərin tətbiqi məsələlərini müzakirə etməyə hazırıq. Bu, birbaşa yük daşımalarının səmərəliliyini artırmağa və gömrük rəsmiləşdirilməsini sadələşdirməyə imkan verəcək

- Lianyungan limanı karbonsuzlaşdırma və "yaşıl limanlar"ın yaradılması sahəsində Azərbaycandan olan həmkarlarla hansı istiqamətlərdə əməkdaşlıq etməyə hazırdır?

- Aşağı karbonlu və ekoloji yönümlü inkişaf qlobal liman, gəmiçilik və logistika sənayesi üçün prioritet istiqamətlərdən birinə çevrilib. Son illər ərzində Lianyungan liman texnikasının elektrikləşdirilməsi, ekoloji təmiz enerji mənbələrinin tətbiqi, yük daşımaları üçün "yaşıl model"lərin formalaşdırılması, həmçinin intellektual liman infrastrukturunun yaradılması proqramını planlı şəkildə həyata keçirir. Texnoloji innovasiyalar və logistika proseslərinin təkmilləşdirilməsi sayəsində biz liman əməliyyatları zamanı və yük daşımaları sahəsində enerji xərclərinin azaldılmasını hədəfləyirik.

TBNM nəqliyyat marşrutu mahiyyəti etibarilə dəmir yolu, liman və dəniz əlaqəsini inteqrasiya edən multimodal dəhlizdir. Əminik ki, gələcəkdə ekoloji modernləşdirmə yalnız konkret liman çərçivəsində enerjiyə qənaət və tullantıların minimuma endirilməsinə deyil, bütövlükdə bütün logistika zəncirinə şamil edilməlidir. Dəmir yolu daşımalarının həcminin artırılması, limanların əməliyyat səmərəliliyinin yüksəldilməsi, qeyri-məhsuldar boşdayanmaların minimuma endirilməsi, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və intellektual avadanlıqların tətbiqi daşımaların bütün mərhələlərində karbon izini azaltmağa imkan verir.

Lianyungan limanı "yaşıl" və intellektual liman infrastrukturu, alternativ enerji mənbələri ilə işləyən avadanlıqlar və ekoloji multimodal yük daşımaları kimi istiqamətlər üzrə Azərbaycan limanları və müvafiq şirkətlərlə əməkdaşlığı gücləndirməyə, həmçinin praktiki reallaşdırma üçün real potensiala malik layihələrin birgə işlənməsinə hazır olduğunu bildirir.

- Lianyungan limanının Azərbaycanla tərəfdaşlığın genişləndirilməsi kontekstində 3-5 il ərzində əsas məqsədləri nələrdir?

- Qarşıdakı 3-5 il üçün biz Azərbaycan tərəfi ilə əməkdaşlığın inkişafı üzrə üç prioritet istiqaməti müəyyən etmişik.

Birinci istiqamət Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yük daşımalarının həcminin birgə artırılmasıdır. Çinin şərq sahilini Asiya-Sakit Okean regionu bazarları ilə əlaqələndirən Lianyungan limanının əlverişli coğrafi mövqeyinə əsaslanaraq, Azərbaycanın dəmir yolu operatorları, liman kompleksləri və logistika strukturları ilə tərəfdaşlığı inkişaf etdirməyi, Çindən və Asiya-Sakit Okean regionunun digər ölkələrindən əlavə yük axınlarını Azərbaycan vasitəsilə TBNM-ə yönləndirməyi, daha sonra isə Avropaya çatdırmağı planlaşdırırıq.

İkinci istiqamət marşrutun əməliyyat səmərəliliyinin birgə artırılmasıdır. Bunun üçün nəqliyyat zəncirinin dəmir yolu, liman və dəniz seqmentləri arasında koordinasiyanın möhkəmləndirilməsini davam etdirmək, proseslərin inteqrasiyası üçün informasiya həllərini tətbiq etmək və daşımaların təşkilini təkmilləşdirmək, birbaşa logistikanın daha yüksək sabitliyini və proqnozlaşdırıla bilənliyini təmin etmək tələb olunur.

Üçüncü istiqamət layihə çərçivəsində dərinləşdirilmiş əməkdaşlıq perspektivlərinin araşdırılmasını nəzərdə tutur. Lianyungan limanı Qazaxıstanın bir neçə strateji əhəmiyyətli logistika qovşağında öz iştirakını artıq möhkəmləndirib. Biz TBNM boyunca beynəlxalq logistika infrastrukturunu qurmağa davam etməyə çalışırıq və azərbaycanlı tərəfdaşlarla birlikdə liman və logistika obyektlərinə investisiya qoyuluşu, onların yaradılması və idarə edilməsi, habelə əlaqəli layihələrin həyata keçirilməsi imkanlarını birgə araşdırmağa açığıq.

Bizim strateji vəzifəmiz bütün maraqlı tərəflərin ardıcıl və praktiki yönümlü tərəfdaşlığı vasitəsilə Lianyungan və Azərbaycan arasındakı əməkdaşlığın birdəfəlik nəqliyyat əməliyyatları səviyyəsindən mərhələli şəkildə hərtərəfli qarşılıqlı fəaliyyətə – marşrutun inkişafına, əsas qovşaq nöqtələri arasında koordinasiyaya və rəqəmsal inteqrasiyaya keçidini təmin eymək, bununla da TBNM-in keyfiyyətcə inkişafına töhfə verməkdir.

44 filmi