TRASEKA Orta Dəhlizlə daşımaların artması üçün əsas şərtləri açıqlayıb

İnfrastruktur
  • 21 oktyabr, 2026
  • 12:56
TRASEKA Orta Dəhlizlə daşımaların artması üçün əsas şərtləri açıqlayıb

Gömrük və sanitar prosedurlarının təkmilləşdiriləcəyi, həmçinin müvafiq xidmət infrastrukturunun keyfiyyətinin yüksəldiləcəyi təqdirdə yükdaşımalarının əhəmiyyətli bir hissəsi əlavə olaraq Orta Dəhliz marşrutuna yönəldilə bilər.

"Report" xəbər verir ki, bu barədə TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Jasurbek Çoriyev Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan biznes forumunda bildirib.

"Orta Dəhlizdən daha fəal istifadə edə biləcək əhəmiyyətli miqdarda yüklər mövcuddur, lakin bunun üçün gömrük inzibatçılığına, sanitar nəzarətə diqqət yetirmək, eləcə də bu əlavə yük axınlarının həmin marşruta yönəldilməsini stimullaşdıra biləcək bir sıra əlaqədar xidmətləri qurmaq lazımdır", - o qeyd edib.

TRASEKA-nın Baş katibi vurğulayıb ki, dəhlizin tranzit imkanlarının tam şəkildə açılması üçün daşımaların əmtəə nomenklaturasının, o cümlədən sənaye avadanlıqları hesabına genişləndirilməsi tələb olunur: "Marşrutun səmərəli fəaliyyətinə həmçinin yerli infrastruktur və logistik "dar boğaz"lar, xüsusən də Qara dənizdə bərə gəmilərinin çatışmazlığı mane olur ki, bunun nəticəsində də limanlarda avtomobil nəqliyyatının dayanma müddəti bir neçə sutka təşkil edə bilər".

J.Çoriyev deyib ki, inzibati prosedurların sadələşdirilməsi, qarşılıqlı tanınan elektron rəqəmsal imzaların tətbiq edilməsi və servis xidmətinin modernləşdirilməsi marşrutun boyunca yük göndərənlər üçün daha rəqabətqabiliyyətli şərait yaradacaq.