TRASEKA dəhliz iştirakçısı olan ölkələri birləşdirmək üçün rəqəmsal platforma hazırlayır
- 21 oktyabr, 2026
- 13:24
Yeniliklərdən dərhal xəbərdar olun!
TRASEKA (Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizi) məlumatların səmərəli mübadiləsi üçün dəhliz iştirakçısı olan ölkələrin səylərini vahid ekosistemdə birləşdirmək məqsədi daşıyan rəqəmsal platformanın yaradılması üzərində işləyir.
"Report" xəbər verir ki, bu barədə TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Jasurbek Çoriyev Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan biznes forumunda bildirib.
"Biz həqiqətən də bütün iştirakçıların maraqlarına uyğun fəaliyyət göstərə bilən rəqəmsal platformanın yaradılmasına çox yaxınlaşmışıq", - o deyib.
Bununla yanaşı, J.Çoriyev vurğulayıb ki, iştirakçı dövlətlərin inkişaf səviyyəsi eyni deyil, həmçinin ayrı-ayrı tərəflərin üçüncü iştirakçılara ötürmək üçün lazımi həcmdə məlumat təqdim etməyə hazır olmaları ilə bağlı maneələr mövcuddur: "Bu baxımdan biz standartların - informasiya standartlarının, hər bir iştirakçının təqdim edə biləcəyi məlumat səviyyəsinin harmonizasiyası ilə məşğuluq ki, qarşılıqlı əlaqə zamanı biznes strukturları bunun hər bir üzvdən əldə edilə bilən maksimal məlumat həcmi olduğunu anlasınlar".
Onun sözlərinə görə, bu təşəbbüsün əsas məqsədi təkcə ayrıca bir platformanın deyil, bütün iştirakçıların birgə məqsədlərə nail olmaq üçün öz fəaliyyətlərini səmərəli şəkildə əlaqələndirə biləcəyi kompleks ekosistemin təşviq edilməsindən ibarətdir.