Svetlana Orlova: "Azərbaycan dövlət satınalmalarının auditi sahəsində beynəlxalq gündəliyə fəal qoşulub"
- 01 iyul, 2026
- 14:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya Hesablama Palatası Azərbaycanla dövlət satınalmalarının auditi, rəqəmsallaşma və korrupsiya risklərinin idarə olunması sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
"Report" xəbər verir ki, bunu Rusiya Hesablama Palatasının auditoru, Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun Katibliyinin rəhbəri Svetlana Orlova Bakıda keçirilən İşçi Qrupun illik toplantısı çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, həm Rusiya, həm də Azərbaycan son illərdə dövlət satınalmalarının auditi sahəsində mühüm layihələr həyata keçirib və bu təcrübənin qarşılıqlı öyrənilməsi hər iki tərəf üçün faydalıdır: "Biz rəqəmsallaşma, süni intellektin tətbiqi və korrupsiya risklərinin qiymətləndirilməsi istiqamətində gördüyümüz işləri azərbaycanlı həmkarlarımızla bölüşürük. Tədbirin ikinci hissəsində də bu sahələr üzrə təcrübə mübadiləsini davam etdirəcəyik".
S.Orlova qeyd edib ki, Azərbaycan Hesablama Palatası beynəlxalq audit gündəliyinə fəal şəkildə qoşulub və dövlət satınalmalarının auditi sahəsində həyata keçirilən islahatlar beynəlxalq tərəfdaşlar tərəfindən maraqla izlənilir.
"Son illər korrupsiyaya qarşı mübarizə və dövlət satınalmalarının auditi sahəsində 29 ölkə ilə əməkdaşlıq etmişik. Azərbaycan da bu beynəlxalq əməkdaşlığın fəal iştirakçılarından biridir və gələcəkdə təcrübə mübadiləsinin daha da genişlənəcəyinə inanırıq", – deyə o əlavə edib.