"Routes World 2026"da Azərbaycana yeni birbaşa uçuşların açılması üzrə danışıqlar aparılır
- 22 oktyabr, 2026
- 11:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Oktyabrın 21–23-də Almaniyanın Frankfurt şəhərində beynəlxalq uçuş şəbəkələrinin inkişafı üzrə dünyanın aparıcı aviasiya forumlarından biri olan "Routes World 2026" keçirilir.
Bu barədə "Report"a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.
Bildirilib ki, "Routes" tərəfindən təşkil edilən tədbir aviaşirkətləri, hava limanlarını və turizm qurumlarını yeni marşrutların planlaşdırılması və strateji tərəfdaşlıqların qurulması üçün bir araya gətirir. Builki forumda 230-dan çox aviaşirkət və 110-dan artıq ölkədən nümayəndələr iştirak edirlər.
Forumda Azərbaycanı isə "Azərbaycan Hava Yolları" (AZAL) QSC və Azərbaycan Turizm Bürosu birgə təmsil edir.
Tədbir çərçivəsində AZAL-ın İdarə Heyətinin sədri Samir Rzayev, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid və Azərbaycan hava limanlarının rəhbərliyinin iştirakı ilə beynəlxalq aviadaşıyıcılarla bir sıra ikitərəfli görüşlər keçirilib. Danışıqlarda Azərbaycan hava limanlarından yeni birbaşa reyslərin açılması, ölkəyə yeni aviaşirkətlərin cəlb olunması və mövcud tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
İşgüzar görüş proqramına "Lufthansa Group", "AirAsia Group", "Air Serbia", "Aegean Airlines", "Etihad Airways", "Transavia France", "Malaysia Airlines", "easyJet", "Jazeera Airways", "Oman Air", "Wizz Air" və "VietJet Air" nümayəndələri ilə müzakirələr daxildir.
"Azərbaycanın aviasiya və turizm qurumlarının forumda birgə iştirakı beynəlxalq uçuş şəbəkəsinin inkişafı ilə ölkənin turizm potensialının təşviqini əlaqələndirməyə yönəlib. Əsas məqsəd Azərbaycanı daha çox beynəlxalq istiqamətlə birləşdirmək, sərnişinlərin birbaşa uçuş seçimlərini genişləndirmək və ölkəyə xarici turist axınının artmasını dəstəkləməkdir", - məlumatda qeyd olunub.