Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
- 18 may, 2026
- 11:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Qırğızıstan Bakının zəlzələyədavamlı tikinti sahəsindəki qabaqcıl təcrübəsinin öyrənilməsində və tətbiqində maraqlıdır.
Bunu "Report"a açıqlamasında Qırğızıstanın tikinti, memarlıq və mənzil-kommunal təsərrüfatı naziri Nurdan Oruntayev bildirib.
Onun fikrincə, bu, xüsusilə aktualdır, çünki hər iki paytaxt seysmik aktivliyin yüksək olduğu zonalarda yerləşir.
Nazirin sözlərinə görə, Azərbaycan və Qırğızıstan arasında birgə tikinti layihələrinin konturları hələ postsovet dövründə formalaşmağa başlasa da, uzun müddət ərzində iki ölkənin müvafiq qurumları arasında real əlaqələr faktiki olaraq mövcud olmayıb.
"Düzünü desək, heç bir əlaqə yox idi və WUF13 dialoqun bərpası üçün səbəblərdən biri oldu. İlk növbədə, bu, ikitərəfli əməkdaşlığın gücləndirilməsinə yönəlmiş təcrübə mübadiləsi platformasıdır", - nazir bildirib.
Oruntayev əlavə edib ki, Bişkek Azərbaycanın tikinti sektorunun dinamik inkişafını yüksək qiymətləndirir, öz təcrübəsini bölüşməyə və lazım gələrsə, ekspertiza üçün azərbaycanlı mütəxəssisləri cəlb etməyə hazırdır.
Forumun əhəmiyyətinə toxunan nazir tədbirin peşəkar əlaqələrin aktivləşdirilməsi və şəhərsalma sahəsində təcrübələrin nümayişi üçün səmərəli platformaya çevrildiyini bildirib.
"Çox şadıq ki, azərbaycanlı qardaşlarımız Qırğızıstanın şəhərsalma potensialını beynəlxalq arenada nümayiş etdirmək və təqdim etmək üçün bizə gözəl imkan yaradıb", - Oruntayev vurğulayıb.