Lana Barreto: Qəzzada kadastr arxivlərinin dağıdılması mənzil hüquqlarının bərpasını çətinləşdirir

İnfrastruktur
  • 22 may, 2026
  • 11:00
Lana Barreto: Qəzzada kadastr arxivlərinin dağıdılması mənzil hüquqlarının bərpasını çətinləşdirir

Qəzzada kadastr arxivlərinin dağıdılması əhalinin mənzil hüquqlarının bərpasını çətinləşdirir.

"Report" xəbər verir ki, bu barədə Norveçin qaçqınlarla iş üzrə Şurasının (NRC) sığınacaq və yaşayış yerləri məsələləri üzrə qlobal məsləhətçisi Lana Barreto Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bildirib.

Onun sözlərinə görə, Qəzzada torpaq qurumları və hakimiyyət orqanları əhaliyə sənədlərin verilməsi üzrə işi tədricən bərpa edirlər, lakin kadastr qeydlərinin genişmiqyaslı məhv edilməsi insanların mənzil və torpaq hüquqlarını müdafiə etmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

Barreto qeyd edib ki, əhalinin təkrar köçürülməsi qeyri-rəsmi yaşayış məntəqələrinin formalaşmasına, şəhər mühitinin deqradasiyasına və köçürülmüş şəxslərin yarımdaimi yerləşdirmə rayonlarının yaranmasına gətirib çıxara bilər.

Onun sözlərinə görə, bu şəraitdə xüsusilə həssas vəziyyətdə qadınlar, uşaqlar və yaşlı insanlar qalır ki, onlar da uzunmüddətli köçürülmənin və sənədlərin itirilməsinin nəticələri ilə ən kəskin şəkildə üzləşirlər.

O vurğulayıb ki, Qəzzada mənzillərin bərpası yalnız evlərin tikintisi ilə məhdudlaşmamalıdır. "Sadəcə evlərin bərpası şəhərin normal fəaliyyətini, sosial birliyini və icma həyatını qaytara bilməyəcək. Əhalinin mənzil və torpaq hüquqlarını təmin etmək lazımdır", - Barreto bəyan edib.