Emiliya Sais regional hakimiyyətləri mənzil probleminin həllinə daha fəal cəlb olmağa çağırıb

İnfrastruktur
  • 21 may, 2026
  • 12:42
Emiliya Sais regional hakimiyyətləri mənzil probleminin həllinə daha fəal cəlb olmağa çağırıb

Yerli və regional hakimiyyət orqanları qlobal mənzil böhranının aradan qaldırılmasında həlledici rol oynamalıdır.

"Report" xəbər verir ki, bu barədə "Birləşmiş Şəhərlər və Yerli Hakimiyyətlər" (UCLG) təşkilatının baş katibi Emiliya Sais Bakıda WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.

Saisin sözlərinə görə, bu gün bir çox yerli hakimiyyət orqanları mənzil sahəsində ciddi problemlərlə, o cümlədən sakinlərin evdən çıxarılması, torpaq bazarında spekulyasiyalar, eləcə də mənzil böhranının effektiv həlli üçün səlahiyyət çatışmazlığı ilə üzləşirlər.

Bununla yanaşı, o vurğulayıb ki, məsələnin digər tərəfi də mövcuddur - bir çox şəhər və bələdiyyələr insan hüquqlarına daha çox diqqət yetirməyə çalışır və daha ədalətli mənzil siyasəti həyata keçirmək üçün öz səlahiyyətlərinin genişləndirilməsinə nail olmağa çalışırlar.

"Mənzil siyasəti həmişə onların birbaşa səlahiyyət dairəsinə daxil olmasa da, yerli hakimiyyət orqanları bu məsuliyyəti öz üzərlərinə götürməyə hazırdırlar. Lakin bunun üçün həm qanunvericilikdə, həm də maliyyə sistemində dəyişikliklərə ehtiyac var", - o qeyd edib.

Sais vurğulayıb ki, UCLG beynəlxalq tərəfdaşlar və vətəndaş cəmiyyəti təşkilatları ilə birgə mənzilə yalnız kvadrat metrlər kimi deyil, daha geniş yerli xidmətlər və sosial dəstək sisteminin bir hissəsi kimi baxılan bir yanaşmanı təşviq edir.