Dünya Bankı Azərbaycanda yeni yol layihəsinin həyata keçirilməsi ilə bağlı tələbləri açıqlayıb
- 17 sentyabr, 2021
- 11:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan hökuməti Dünya Bankı (WB) ilə “Regional kommunikasiyaların inkişaf etdirilməsi” (Regional connectivity and development) layihəsi üzrə yeni kredit sazişinin imzalanması üçün razılıq verilməsinə hazırlaşır.
“Report” banka istinadən xəbər verir ki, layihə üzrə danışıqlar 2021-ci il aprelin ortalarında baş tutub, 2021-ci il mayın 20-də isə Bankın Direktorlar Şurası 65 milyon ABŞ dolları həcmində kreditin verilməsini təsdiqləyib. Layihənin ümumi dəyəri 95,88 milyon ABŞ dolları təşkil edir.
“Hazırda hökumət hüquqi sənədlərin imzalanması üçün icazə paketi üzərində işləyir”, - bankdan bildiriblər.
Dünya Bankının tələblərinə görə, podratçılardan COVID -19 üzrə protokollar hazırlamaq və tətbiq etmək tapşırılacaq: “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə işlərin görülməsi məqsədilə bu tələb tender sənədinə və müqavilələrə daxil ediləcək”.
Bundan başqa, layihənin şərtlərinə görə, podratçılara işlərin icrasına imkan daxilində yerli işçi heyəti cəlb etmək tapşırılacaq: “Bu göstərici yerli iştirakın genişləndirilməsində layihənin effektivliyini əks etdirir”.
Layihədə həmçinin yolların və onlarla əlaqəli tikililərin tikintisi zamanı iqlim dəyişikliyinə qarşı dayanıqlığa riayət olunması tələbi də əks olunacaq: “Bu tədbirlərə körpülərin və suötürücü boruların buraxılış qabiliyyətinin artırılması, həmçinin yolların şaquli düzləşdirilməsinin yüksəldilməsi daxildir”.
Dünya Bankının araşdırmalarına görə, layihələndirilən yol (Salyan-Biləsuvar) üçün əsas risklər yağıntıların düşmə rejimində dəyişikliklərə səbəb olan ekstremal dərəcədə yüksək temperaturla bağlıdır. Layihə regionunda yağıntıların miqdarının artması proqnozlaşdırılır, bu isə güman ki, artıq rast gəlinməkdə olan sel riskini yüksəldəcək.
Qiymətləndirmələrə görə, yaxın 50 il ərzində layihənin icra edildiyi ərazidə dağıdıcı zəlzələlərin baş verməsi ehtimalı 10 %-ə bərabərdir. “Güman edilir ki, meşə yanğınlarına səbəb ola biləcək hava şəraitinin ehtimalı 50 % təşkil edir, iqlim proqnozları isə yola əhəmiyyətsiz zərər vuracaq qısamüddətli fəsadlara malik olsalar da, onların gücünün yüksək olma ehtimalını göstərir”, - araşdırmada qeyd olunur.
Dünya Bankı yol hərəkəti iştirakçılarından ödəniş alınması modellərini işləyib hazırlamağı təklif edir.
Layihə çərçivəsində həmçinin şikayətlərin baxılması və onun müraciətlər statusunun yenilənməsi mexanizmi yaradılacaq.
Qeyd edək ki, layihənin məqsədi təhlükəsiz, effektiv və iqlim dəyişikliyinə dayanıqlı yol kommunikasiyasının təmin edilməsinə və ölkənin cənubunda Salyan-Biləsuvar yolu boyunca bazarın əlçatanlığının yaxşılaşdırılmasından ibarətdir. Bu marşrut boyunca yaşayan 250 000 nəfərdən çox insan yenilənmiş yol infrastrukturuna və daha yaxşı iqtisadi imkanlara çıxış əldə edəcək.
Layihə 3 əsas istiqaməti maliyyələşdirəcək. İlk növbədə, yollara, habelə yardımçı kənd təsərrüfatı və logistika infrastrukturuna yatırılan investisiyalar bazarın əlçatanlığının dəstəklənməsinə köməklik göstərəcək, bu isə yenilənmiş yolların sosial-iqtisadi inkişafa təsirinin maksimum artırılması deməkdir.
İkincisi, layihə, yol şəbəkəsinin idarə olunması sisteminin işlənib hazırlanmasına texniki yardım göstərməklə, habelə istifadəçilərdən yığımların aparılması və nəqliyyat vasitələrinin həddən artıq yüklənməsinin qarşısının alınması variantlarını öyrənməklə yol sektorunda maliyyə dayanıqlılığını və səmərəliliyini dəstəkləyəcək.
Üçüncüsü, layihə yolkənarı logistikanın və bazar obyektlərinin layihələndirilməsi və təşkilini, həmçinin yerli icmalar vasitəsilə gəlir əldə edilməsi imkanlarının yaxşılaşdırılması üçün yerli sahibkarları dəstəkləyəcək.
Azərbaycan 1992-ci ildə Dünya Bankına qoşulub. Həmin vaxtdan indiyədək Dünya Bankı ümumilikdə 4,4 milyard ABŞ dolları həcmində 50-dən çox layihə maliyyələşdirib.