Aytən Axundova: "Liman və konteyner avadanlıqları ilə bağlı çatışmazlıqlar qalır"
- 21 oktyabr, 2026
- 10:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda liman və konteyner avadanlıqları ilə bağlı çatışmazlıqlar qalır.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundova "EU Business Climate Report Azerbaijan 2025/2026" hesabatını təqdim edərkən bildirib.
"Sorğunun nəticələrinə görə, şirkətlərin 15 %-i Azərbaycanda nəqliyyat və logistika infrastrukturunun çətinliklər yaratdığını düşünür. 35 % bu amilin fəaliyyətlərinə ciddi təsir etmədiyini bildirir. 54 % nəqliyyat və logistika infrastrukturunu dəstəkləyici amil kimi qiymətləndirir. Şirkətlərin 8 %-i isə bunu açıq üstünlük hesab edir. Bununla yanaşı, logistika şirkətləri hələ də limanların ötürücülük qabiliyyətinin və konteynerlərlə işləmək üçün avadanlıqların çatışmazlığına diqqət çəkirlər", - deyə o qeyd edib.
Bundan başqa, qrup rəhbərinin sözlərinə görə, şirkətlər Orta Dəhlizdə tranzit vaxtı və xərclərinin proqnozlaşdırılmasında çətinlik çəkir: "Sorğuda iştirak edənlərin 27 %-i əməliyyat proseslərinin mürəkkəbliyinin, logistika koordinasiyasının zəifliyinin, tranzit vaxtı və xərclərinin proqnozlaşdırılmasının çətinliyinin və rəqabətədavamlı olmamasının, həmçinin anbar imkanları və logistika xidmətlərinin məhdudluğunun, eləcə də hava şəraitinin şirkətlərin fəaliyyətinə mənfi təsir göstərdiyini bildirib. Respondentlərin 18 %-i Orta Dəhlizin bazarın ehtiyaclarını tam ödədiyini düşünür. Digər respondentlər uyğunsuz logistika və ticarət qaydalarını, dəmir yolu infrastrukturunun kifayət qədər tutuma malik olmamasını və dəhlizin Avropa bazarının tələblərinə zəif uyğunlaşmasını mənfi amillər kimi qeyd ediblər".
A.Axundova həmçinin deyib ki, Orta Dəhlizdə hava şəraiti ilin yarısında daşımaları məhdudlaşdırır: "Orta Dəhlizdə əməliyyatlar prosesləri yaxşılaşır, daşımaların həcmi də artır. Bununla yanaşı, dəhlizdən istifadə genişləndikcə mövcud boşluqlar və çətinliklər də daha aydın görünür. Azərbaycanın dəhlizin inkişafına yönəltdiyi investisiyalar hazırda kifayət etmir. Gürcüstan və Qazaxıstanın da əlavə investisiya yatırmasına ehtiyac var. Digər mühüm problem Xəzər dənizinin dayazlaşmasıdır. Uzunmüddətli xarakter daşıyan bu problem, eləcə də hava şəraiti Orta Dəhlizdən istifadə imkanlarını ilin təxminən yarısında məhdudlaşdırır. Hesabatda Aktau və Ələt limanlarında mövcud olan dar boğazlar da qeyd edilir. Şirkətlər tıxaclara və uzun gözləmə müddətlərinə diqqət çəkirlər. Bu çətinliklər, əsasən, bərələrin və digər zəruri nəqliyyat vasitələrinin çatışmazlığı ilə bağlıdır. Ələt limanının inkişafının ümumilikdə ticarətə müsbət təsir göstərəcəyi gözlənilsə də, hazırda burada gözləmə müddətləri kifayət qədər uzundur. Belə ki, gözləmə müddəti ən azı bir həftə, orta hesabla isə təxminən iki həftə təşkil edir".