Avropada qeyri-qanuni yaşayış məskənlərinin qorunması üçün yeni model təklif edilir
- 19 may, 2026
- 17:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropada qeyri-qanuni yaşayış məskənlərinin qorunması üçün yeni model təklif edilir.
"Report" xəbər verir ki, bunu "Katalitik Kommunities" (Catalytic Communities) təşkilatının nümayəndəsi Tarsila Fidalgo Ribeiro Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Avropada icma əsaslı mənzil təminatı – bazar imkanlarından kənar şəhərlər üçün alətlər"adlı tədbirdə deyib.
T. Ribeiro Latın Amerikası təcrübəsi ilə Avropadakı mövcud vəziyyəti müqayisə edərək Portuqaliyadakı konkret bir nümunəyə diqqət çəkib: "Mən Latın Amerikasındanam və təbii ki, bu, bir şəhərsalma mütəxəssisi kimi işimizdə hər gün qarşılaşmalı olduğumuz bir şeydir. Lakin Avropada bu, bəlkə də bizi təəccübləndirə biləcək bir məsələdir. Lissabonun metropoliten ərazisində yerləşən Kova da Moura (Cova da Moura) icmasının təcrübəsi həqiqətən çox maraqlıdır. İndi isə onlar torpağın rəsmiləşdirilməsi yollarını axtarırlar ki, bu da Avropada çox yeni bir şeydir. Beləliklə, icma başa düşür ki, fərdi mülkiyyət hüququ sənədlərinin alınması onları qorumayacaq, əksinə, daşınmaz əmlak səbəbindən məcburi köçürülmə proseslərini asanlaşdıracaq".
O bildirib ki, planlaşdırılan model çərçivəsində torpaq sahəsi əbədi olaraq kommersiya bazarından kənarda saxlanılacaq, lakin evlərin fərdi mülkiyyət forması qorunacaq: "İdeya ondan ibarətdir ki, torpağın icmaya məxsus olması təmin edilsin və bu torpaq həmişəlik bazardan kənarda qalsın. Evlər isə fərdi mülkiyyətdə saxlanılacaq və insanlar evlərini sata, kirayə verə biləcəklər. Lakin bu zaman icmanın və kollektiv mübarizənin nəticəsi olan torpaq dəyərinin artması nəzərə alınmayacaq. İcma Torpaq Trestləri Avropada çox yaxşı tanınan bir həlldir. Belçika, Fransa və Almaniyada oxşar nümunələrimiz var. Buradakı yenilik ondan ibarətdir ki, Avropadakı qeyri-qanuni yaşayış məskənlərində də bu modellə işləmək imkanı mövcuddur. Kova da Moura yeganə belə məskən deyil, ona görə də bu mövzunu daha dərindən müzakirə etməliyik".