Almaniya nümayəndəsi: Berlində yeni mənzillərin tikilməsi zərurəti iqlim hədəfləri üçün çətinlik yaradır

İnfrastruktur
  • 21 may, 2026
  • 12:43
Almaniya nümayəndəsi: Berlində yeni mənzillərin tikilməsi zərurəti iqlim hədəfləri üçün çətinlik yaradır

Berlində əhali artımına görə yeni mənzillərin tikilməsi zərurəti iqlim hədəfləri üçün çətinlik yaradır.

"Report" xəbər verir ki, bunu Almaniyanın Mənzil Layihələri - Xarici Şəhər İnkişafı, Şəhər Senatının Tikinti və Mənzil Departamentinin nümayəndəsi Lars Loebner WUF13 çərçivəsində keçirilən "Aşağı karbonlu mənzil tikintisi – Milli siyasətdən yerli fəaliyyətə" adlı sessiyada deyib.

O qeyd edib ki, Berlin son 15 ildə sürətlə böyüyüb, məşğulluq səviyyəsi və sosial sığortalı işçilərin sayı ciddi şəkildə artıb:

"Həmçinin tələbələr və digər qruplar da çoxalıb. Bu isə mənzil çatışmazlığı yaradır. Torpaq qiymətləri artır, eyni zamanda, adambaşına düşən sahə azalır. Əhali artırsa və mənzil çatışmazlığı varsa, yeni evlər tikmək lazımdır. Lakin yeni tikintilər Berlinin hazırkı emissiya və ümumi iqlim hədəfləri üçün çətinlik yaradır".

Loebnerin sözlərinə görə, Berlin həm şəhər mərkəzdə, həm də şəhərdən kənar zonalarda genişmiqyaslı tikinti layihələri həyata keçirir:

"1000-dən 9000-ə qədər mənzili əhatə edən yeni yaşayış layihələrinin böyük hissəsi şəhərin kənar ərazilərində yerləşir. Şəhərdənkənar zonalar metro halqasından kənar əraziləri əhatə edir və bu sahələrdə yaşayışın artması nəqliyyatla bağlı karbon emissiyalarını iki dəfə yüksəldə bilər. Buna görə də yeni layihələr əsasən ictimai nəqliyyat xətlərinə yaxın ərazilərdə planlaşdırılır".