Alibek Amanbay: Qazaxıstan WUF13-də Bakının urbanistika sahəsindəki təcrübəsini öyrənir - EKSKLÜZİV
- 18 may, 2026
- 10:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstan nümayəndə heyətinin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirakının əsas məqsədi Azərbaycan urbanistləri və şəhərsalma sahəsinin mütəxəssisləri ilə əlaqələrin qurulmasından ibarətdir.
Bu barədə "Report"a Qazaxıstanın Jambıl vilayətinin Memarlıq, şəhərsalma və torpaq əlaqələri idarəsinin rəhbəri Alibek Amanbay bildirib.
"Bizim əsas məqsədimiz təkcə forumu görmək deyil, həm də urbanistlər və mütəxəssislərlə tanış olmaq, baş planlar, master-planlar və digər layihələr kimi şəhərsalma üzrə sənədlərin gələcəkdə birgə işlənib hazırlanması üçün onlarla əlaqə qurmaqdır", - o deyib.
A.Amanbay deyib ki, nümayəndə heyətinin üzvləri ilk dəfə Bakıya gəliblər və şəhər onlara güclü təəssürat bağışlayıb:
"Möhtəşəm təəssüratlar yaşadıq. Təkcə forumun özünün təşkili deyil, həm də Bakının özü urbanistika, memarlıq və dizayn baxımından çox gözəl, rahat və müasir şəhərdir".
O həmçinin vurğulayıb ki, nümayəndə heyəti forum çərçivəsində şəhər planlaşdırması və dayanıqlı inkişaf sahəsində faydalı təcrübə əldə etməyə ümid edir:
"Biz forumun tədbirlərini yenicə ziyarət etməyə başlamışıq, lakin artıq heyran qalmışıq. Ümid edirik ki, həftənin sonunadək daha çox şey öyrənəcəyik".