İRİA: "IT SkillSprint" layihəsində tələbələrin qazandığı kreditləri universitetlər tanıyacaq

İKT
  • 17 iyul, 2026
  • 11:25
İRİA: IT SkillSprint layihəsində tələbələrin qazandığı kreditləri universitetlər tanıyacaq

"IT SkillSprint" proqramını uğurla başa vuran tələbələrin təlim müddətində əldə etdikləri kreditlər ali təhsil müəssisələri tərəfindən tanınacaq və onların universitet təhsilinin bir hissəsi kimi hesablanacaq.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Rəqəmsal Səriştələrin İnkişafı departamentinin müdiri Vüsalə Qurbanova Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq intensiv təhsil proqramı olan "IT SkillSprint" layihəsinin bağlanış mərasimində deyib.

Onun sözlərinə görə, layihə universitet, sənaye və dövlət əməkdaşlığına əsaslanan, beynəlxalq praktikada "Triple Helix" (üçlü spiral) modeli kimi tanınan yanaşma əsasında həyata keçirilib.

"Bu model innovasiya ekosisteminin əsas hərəkətverici qüvvələrindən biri hesab olunur və iqtisadi inkişafın təmin edilməsində dövlət, ali təhsil müəssisələri və özəl sektor arasında qarşılıqlı əməkdaşlığı nəzərdə tutur. Layihədə dövlət tərəfini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyi, sənaye tərəfini isə beynəlxalq İT təhsil şirkəti "Ironhack" təmsil edib. Proqrama ölkənin müxtəlif ali təhsil müəssisələrindən seçilmiş tələbələr cəlb olunub", - V. Qurbanova bildirib.

O vurğulayıb ki, proqramı uğurla başa vuran bütün iştirakçılar universitetlərinə qayıdacaq və "bootcamp" çərçivəsində qazandıqları bilik və bacarıqlar onların ali təhsil proqramının bir hissəsi kimi tanınacaq:

"Bu o deməkdir ki, tələbələrin İT düşərgəsində əldə etdikləri bilik və bacarıqlar dərəcə aldıqları universitetlərdə təhsillərinin tərkib hissəsi kimi qəbul ediləcək".