Abid Ələsgərzadə: "Kibertəhlükəsizlik insidentləri barədə məlumatlar AMB-yə vaxtında verilməlidir"

İKT
  • 28 oktyabr, 2026
  • 16:12
Abid Ələsgərzadə: Kibertəhlükəsizlik insidentləri barədə məlumatlar AMB-yə vaxtında verilməlidir

Kibertəhlükəsizlik insidenti barədə Azərbaycan Mərkəzi Bankına (AMB) ilkin məlumatın müəyyən edilmiş müddətdə təqdim edilməməsi maliyyə subyektləri üçün normativ tələblərin pozulması hesab olunur.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya və kibertəhlükəsizlik departamentinin direktor müavini Abid Ələsgərzadə Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) İctimai Birliyinin təşkil etdiyi, Bakıda keçirilən "12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" adlı konfransında deyib.

Onun sözlərinə görə, kibertəhlükəsizlik insidentləri barədə məlumatların təqdim edilməsi ilə bağlı tələblər konkret müddətlərlə müəyyən edilib və təşkilatlar bu müddətlərə əməl etməlidirlər.

"İnsident barədə ilkin məlumat 4 saat ərzində təqdim olunmalıdır. İlkin hesabatda ətraflı informasiya gözlənilmir. Sadəcə, nə baş verdiyi, qısaca desək, nəyi bildiyimiz, nəyi bilmədiyimiz və nə zaman dolğun məlumata sahib olacağımız göstərilməlidir.

Ətraflı məlumat isə 5 gün ərzində hesabat şəklində təqdim olunmalıdır. Bu tələblər sabitdir", - o bildirib.

A.Ələsgərzadə qeyd edib ki, insidentin bütün detalları məlum olmasa belə, ilkin məlumatın vaxtında təqdim edilməsi vacibdir. Bəzi təşkilatlar hadisənin səbəblərini və nəticələrini tam araşdırdıqdan sonra Mərkəzi Banka məlumat verməyi düşünə bilərlər. Lakin bu yanaşma normativ tələblərin pozulmasına səbəb olur.

"Subyekt belə bir yanlış düşüncəyə düşə bilər ki, iki gün gözləsin, bütün məlumatları toplasın, nəyin baş verdiyini və bunun səbəbini dəqiqləşdirsin, sonra AMB-yə dolğun məlumat versin. Əslində isə bu yanaşmanın özü tələbin pozulmasıdır. Bütün detallar məlum olmasa belə, subyekt insidentlə bağlı ilkin məlumatı vaxtında təqdim etməlidir", - departament rəsmisi vurğulayıb.

O əlavə edib ki, insidentlər barədə hesabatlılıqla yanaşı, məlumatların müvafiq kommunikasiya kanalları vasitəsilə təqdim edilməsi də mühüm əhəmiyyət daşıyır. Təşkilatlar müəyyən edilmiş müddətlərə və məlumatların ötürülməsi qaydalarına riayət etməlidirlər.