Sarayda kişini öldürüb, arvadını ağır yaralayan şəxs psixiatriya xəstəxanasına göndərilib

Hadisə
  • 02 may, 2018
  • 07:59
Sarayda kişini öldürüb, arvadını ağır yaralayan şəxs psixiatriya xəstəxanasına göndərilib
Report

Bakı. 2 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluğa girdiyi mənzilin sahibini öldürüb, arvadını isə yaralamaqda təqsirləndirilən Maqsud Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər vəsatət verirək M.Əliyev barəsində ekspertiza keçirilməsini tələb ediblər.

Məhkəmə vəsatəti təmin edərək təqsirləndirilən şəxs barəsində təcili stasionar ekspertiza keçirilməsinə qərar verib.

O, 1 saylı psixiatriya xəstəxanasına göndərilib.

Məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda Abşeron rayonunun Saray qəsəbəsi, “Üzümlük” adlanan ərazidə qeydə alınıb.

Belə ki, həmin ərazidə Məmməd Sərxanova məxsus evə girən naməlum şəxs ev sahibin başına taxta ilə vuraraq öldürüb. Naməlum şəxs daha sonra ev sahibinin həyat yoldaşı Zeynəb Sərxanovanı hədələyərək pul tələb edib. Məqsədinə çata bilmədikdə isə qadına da xəsarət yetirərək, hadisə yerindən qaçıb.

Z.Sərxanova xəstəxanaya yerləşdirilib.

Abşeron rayon Polis Şöbəsi və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisənin rayon sakini, 1974-cü il təvəllüdlü Maqsud Şiri oğlu Əliyev tərəfindən törədilməsi müəyyən edilib, və o saxlanılıb. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq araşdırması zamanı məlum olub ki, M.Əliyev avqustun 21-də Xırdalan şəhərində yaşayan Sevda Hüseynovanın mənzilinə basqın edib. O, bıçaqla hədələyib, ondan pul və qızıl zinət əşyaları tələb edib.