Bakıda mebel anbarından oğurluq edən şəxs saxlanılıb

Hadisə
  • 04 fevral, 2019
  • 07:40
Bakıda mebel anbarından oğurluq edən şəxs saxlanılıb

Bakı. 4 fevral. REPORT.AZ/ Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan qadın 2018-ci il dekabr ayının 29-dan 31-dək olan müddətdə Ə.Rəcəbli küçəsindəki mebel anbarından kompüter və 5000 manat dəyərində mebel üzlüklərinin oğurlandığını bildirib.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Bakı şəhər sakini R.Dadaşov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.