Bakıda 44 yaşlı kişini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Hadisə
  • 29 avqust, 2017
  • 13:38
Bakıda 44 yaşlı kişini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib
Report

Bakı. 29 avqust. REPORT.AZ/ Bakıda qətl törətməkdə təqsirləndirilən Elman Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşaraq məhkəməyə göndərilib.

"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək iclas sentyabrın 5-nə təyin edilib.

İşə hakim Mirzə Xankişiyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə bu ilin may ayında "Bakı Metropoliteni"nin “28 May” stansiyasının yeni çıxışının yaxınlığında, Təbriz küçəsi 2 ünvanında baş verib. Həmin yerdə yerləşən tikilidə Lənkəran rayonunun Kərgəlan kənd sakini, 1973-cü il təvəllüdlü Müşfiq Firdovsi oğlu Əliyevin meyiti tapılıb. Onun baş nahiyəsində çoxsaylı xəsarətlər olduğu müəyyən edilib.

Araşdırmalar nəticəsində məlum olub ki, M.Əliyevi 1965-ci il təvəllüdlü Məhərrəmov Elman Əli oğlu qətlə yetirib. E.Məhərrəmov M.Əliyevin başına küt alətlə çoxsaylı zərbələr vuraraq onu öldürdükdən sonra hadisə yerindən qaçsa da, çox keçmədən tutulub.

O, Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.9-ci (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham olunur.