Azərbaycan vətəndaşı Şri-Lanka və Hindistan vətəndaşlarını qanunsuz yolla Avropaya keçirməyə çalışıb

Hadisə
  • 19 iyul, 2018
  • 07:57
Azərbaycan vətəndaşı Şri-Lanka və Hindistan vətəndaşlarını qanunsuz yolla Avropaya keçirməyə çalışıb

Bakı. 19 iyul. REPORT.AZ/ Ukrayna Sərhəd Xidmətinin əməkdaşları Rusiya ilə sərhəddə 6 qanunsuz miqrantı - Şri-Lanka və Hindistan vətəndaşlarını saxlayıblar.

"Report" "Ukrİnform"a istinadən xəbər verir ki, ukraynalı sərhədçilər üzərində heç bir sənədi olmayan 6 əcnəbini aşkar etdikdən sonra sərhəd xəttindən keçən Qərb Buq çayında iki nəfərin üzdüyünü görüblər. Dərhal bu barədə Polşa sərhədçilərinə məlumat verilib və birgə tədbirlər nəticəsində daha iki nəfər saxlanılıb. Onlar Rusiya və Azərbaycan vətəndaşları olublar.

Müəyyən edilib ki, Rusiya və Azərbaycan vətəndaşları 5 Şri-Lanka və 1 Hindistan vətəndaşını Avropa İttifaqı ərazisinə keçirməyi planlaşdırıbmış.

İndi bu işi təşkil etməyə çalışanların Ukraynaya verilməsi gözlənilir. Ukrayna sərhədçiləri tərəfindən saxlanılan əcnəbilər isə şəxsiyyətləri müəyən edildikdən sonra sərhədi pozma cəhdinə görə məsuliyyətə cəlb olunacaqlar.