UEFA Çempionlar Liqası: "Sabah" I təsnifat mərhələsinin cavab oyununda TNS ilə üz-üzə gəlir

Futbol
  • 14 iyul, 2026
  • 09:00
UEFA Çempionlar Liqası: Sabah I təsnifat mərhələsinin cavab oyununda TNS ilə üz-üzə gəlir

"Sabah" UEFA Çempionlar Liqasında növbəti oyununa bu gün çıxacaq.

"Report"un məlumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab matçında Uelsin TNS komandasının qonağı olacaq.

Qarşılaşma "Park Holl" stadionunda, Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Matçın baş hakimi ispaniyalı Mateo Buskets Ferrer olacaq.

Bu cütün qalibi növbəti mərhələdə "Vardar" (Şimali Makedoniya) – "KuPS" (Finlandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.

Xatırladaq ki, tərəflər arasında Bakıda keçirilən ilk görüşdə "Sabah" 2:0 hesablı qələbə qazanıb.