"Qarabağ"ın "Sabah"a qarşı qələbəsiz seriyası 10 matça yüksəlib - Araşdırma
- 26 oktyabr, 2026
- 12:00
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ" futbol komandasının "Sabah"a qarşı son oyunlardakı qələbəsizlik seriyası davam edib.
"Report"un araşdırmasına əsasən, Ağdam klubu bütün turnirlər nəzərə alınmaqla son 10 matçda rəqibini üstələyə bilməyib.
Komandalar arasındakı ən son matç ötən gün Misli Premyer Liqasının IX turunda baş tutub. Mərdəkandakı "Sabah Arena"da keçirilən qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.
"Köhlən atlar"ın son ölkə çempionu üzərində axırıncı qələbəsi 2024-cü ilin sentyabrına təsadüf edir. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Misli Premyer Liqasında rəqibini 3:2 hesabı ilə məğlub edib. O dövrdə "Sabah"ın baş məşqçisi xorvatiyalı mütəxəssis Krunoslav Renduliç olub.
Həmin matçdan sonra ağdamlıların bu rəqibə qarşı qələbəsiz oyunlar seriyası başlayıb.
2024-cü ilin noyabrında "bayquşlar"ın baş məşqçisi vəzifəsinə gətirilən rusiyalı Vasili Berezutski də "Qarabağ"a uduzmayıb. İki kollektivin 2024/2025 mövsümündə Misli Premyer Liqasında ardıcıl üç görüşü 1:1 hesabı ilə başa çatıb.
"Sabah" həmin mövsümdə Azərbaycan Kubokunun final qarşılaşmasında rəqibini əlavə vaxtda 3:2 hesabı ilə məğlub edərək tarixində ilk dəfə bu titulu qazanıb.
2025/2026 mövsümünə litvalı mütəxəssis Valdas Dambrauskasla başlayan "Sabah" onun rəhbərliyi dövründə də "Qarabağ"a yenilməyib.
Bakı təmsilçisi ötən mövsüm Misli Premyer Liqasının I (2:1) və XXVIII (1:0) turlarında rəqibini məğlubiyyətə uğradıb. XXII turda isə qollu heç-heçə qeydə alınıb - 3:3. Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçında tərəflər bərabərə qalıblar (2:2). Cavab oyununda isə "Sabah" 2:1 hesabı ilə sevinən tərəf olub.
Qeyd edək ki, komandalar arasındakı növbəti qarşılaşma Misli Premyer Liqasının XIX turunda baş tutacaq. Matçın fevralın əvvəlində keçirilməsi planlaşdırılır.