Azərbaycan Premyer Liqasının XVIII turu: "Qarabağ" qalib gəlib, "Qəbələ" qələbəni əldən verib

Futbol
  • 12 fevral, 2017
  • 14:42
Azərbaycan Premyer Liqasının XVIII turu: Qarabağ qalib gəlib, Qəbələ qələbəni əldən verib

Bakı. 12 fevral. REPORT.AZ/ Bu gün keçirilən iki oyunla futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.

"Report"un məlumatına görə, ilk oyun günündə çempionluğa iddialı komandalar səfər matçlarına çıxıblar.

Açılış oyununda lider "Qarabağ" Gəncədə "Kəpəz"in qonağı olub. Meydan sahibləri qış fasiləsindən sonrakı ardıcıl 4-cü oyununda da məğlub ayrılıb. Düzdür, "Kəpəz" bu il Gəncə şəhər stadionunda ilk matçında heç də pis təsir bağışlamayıb. Təsadüfi deyil ki, "Qarabağ" qələbəni çətinliklə, ikinci hissədə gənc hücumçusu Mahir Mədətovun vurduğu yeganə qolla qazanıb. Meydançanın qazonunun bərbad durumu oyuna mənfi planda böyük təsir göstərib. Ağdamlılar "Kəpəz"lə ardıcıl 19-cu qarşılaşmadan xalla ayrıla bilib.

"Qəbələ" isə son 3 oyunda quruhesablı qələbə qazandığı "Zirə" ilə budəfəki matçda xal itirib. Halbuki Roman Qriqorçukun komandası oyunda 2 dəfə hesabda irəlidə olsa, debüt matçında qırmızı vərəqə alan müdafiəçisi Rasim Ramaldanova görə azlıqda qalmasına baxmayaraq irəli çıxmağa özündə güc tapsa da, üstünlüyünü son saniyələrdə əldən verib. "Zirə"nin yeni transferi Riçard Qadze qol hesabına açmaqla komandasına xal qazandırıb.

Azərbaycan Premyer Liqası, XVIII tur

12 fevral (bazar)

14:30. "Kəpəz” – "Qarabağ” - 0:1

Qol: Mahir Mədətov, 65

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Xaqani Məmmədov

Gəncə. Şəhər stadionu

"Zirə” - "Qəbələ” - 2:2

Qollar: Viktor İqbekoyi, 54, Riçard Qadze, 90+4 - Daniel Subotiç, 37, Filip Ozobiç, 88

Qırmızı vərəqə: Rasim Ramaldanov, 75 ("Qəbələ")

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rauf Cabbarov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Murad Məmmədov

Bakı. Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun daha 2 oyunu fevralın 13-də olacaq. AZAL "İnter"I, "Neftçi" isə "Sumqayıt"ı qəbul edəcək.

44 filmi