Azərbaycan futbolundakı şübhəli oyunlara qarşı yeni konsepsiya hazırlanacaq
- 11 may, 2018
- 10:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 may. REPORT.AZ/ "Azərbaycan I Divizionundakı klublardan bəziləri düzgün yolda deyil".
"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
O bildirib ki, I Divizionda şübhəli oyunlar mövcuddur. E.Məmmədov bununla bağlı yeni konsepsiyanın hazırlanacağını diqqətə çatdırıb: "Bunu artıq 2 ildir AFFA-nın Konfransında qeyd edirik. Bu məsələ ilə bağlı ötən il bir neçə klub və futbolçu cəzalandırıldı, futboldan kənarlaşdırıldı. I Divizonda bəzi klublar AFFA tərəfindən maliyyələşdirilir, buna baxmayaraq, o komanda şübhəli oyunlarda varsa, o da kənarlaşdırılacaq. Bunu sizə əminliklə deyə bilərəm".
Baş katib Premyer Liqaya yüksələ bilmədikləri halda I Divizionda klub saxlamalarının səbəbini isə belə izah edib: "Biz bölgələrdə futbola dəstək olmaq, komandaların qayğısına qalmaq, təkan olmaq istəyirik. Bunu o niyyətlə edirik ki, birinci addımı ataq, sonra iş adamları, dövlət strukturları bu işə qoşulsunlar. Təəssüf ki, iş adamları bu addımımıza qoşulmadılar. Bu işi də yarımçıq buraxmaq istəmədik. Fikirləşdik ki, 3-4 il davam edək görək nə baş verir. Baxaq görək, neçə futbolçu gəlib. Peşkəkar Futbol Liqasının analizini götürdük, təhlilini apardıq. Neçə futbolçu I Diviziondan Premyer Liqaya gəlib, bunu bilmək istədik. Bunun təhlili aparılır. Mütəmadi olaraq PFL-lə, Məşqçilər Komitəsi ilə baxırıq ki, futbolçular yetişirmi, yetişmirmi? Əlavə olaraq, həmin klublarda uşaq futbolunu tətbiq etdik. Açıq danışacağam: Məcburi tətbiq etdik. Dedik ki, mütləq olmalıdır".