Azərbaycanda dizel yanacağının istehsalı 3 % artıb

Energetika
  • 20 fevral, 2023
  • 13:11
Azərbaycanda dizel yanacağının istehsalı 3 % artıb

Bu ilin yanvar ayı ərzində Azərbaycanda neft məhsullarının istehsalının ümumi dəyəri 307,5 milyon manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrün göstəricisi ilə müqayisədə 9 % azdır.

Hesabat dövründə 115,9 min ton həcmində avtomobil benzini, 193,5 min ton dizel yanacağı, 5,7 min ton sürtkü yağları, 10,1 min ton neft bitumu istehsal edilib.

Belə ki, ötən ay ərzində Azərbaycanda avtomobil benzinin istehsalı 4,5 %, neft bitumunun istehsalı 36,5 % azalıb, dizel yanacağının istehsalı 3 %, sürtkü yağlarının istehsalı 62,9 % artıb.

Həmçinin, 2023-cü ilin yanvar ayı ərzində ölkədə 22,3 min ton maye qazları, 41,7 min ton ağ neft, 2,3 min ton mazut, 22,5 min ton neft koksu istehsal edilib.

Son bir ildə Azərbaycanda maye qazların istehsalı 12,9 %, mazutun istehsalı 93 %, ağ neftin istehsalı 16,8 % azalıb, neft koksunun istehsalı 32,4 % artıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Neft emalı zavodunun modernizasiya və yenidənqurma layihəsinin 2023-cü ilin dördüncü rübündə yekunlaşması nəzərdə tutulur. Layihəyə əsasən 2022-ci ilin ortasında "Avro-5" dizel yanacağı, 2023-cü ilin ortalarında isə "Avro-5" benzin istehsal edilməsi planlaşdırılır.

44 - Tezliklə