Neftçaladakı yataqlar blokundan ARDNF-yə daxilolmalar üzrə hasilat proqnozunun tam yerinə yetirilməyib
- 06 iyul, 2024
- 10:37
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü il ərzində “Neftçala” və “Xıllı” neft yataqları bloku üzrə illik hasilatdan Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) proqnozlaşdırılan 0,85 milyon ABŞ dolları daxilolmalar 0,58 milyon ABŞ dolları səviyyəsində olub.
“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə apardığı kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair hesabatda bildirilib.
Məlumata görə, bu yataqlar üzrə daxilolmalarla bağlı hasilat proqnozu 67,8 % icra edilib.
Hesabatda bildirilib ki, icranın az olmasına səbəb “Neftçala” və “Xıllı” yataqları üzrə mənfəət vergisinin ARDNF-nin gəlirlərindən ayrılmasıdır.
Qeyd edək ki, “Azərbaycan Respublikasında “Neftçala”, “Dürovdağ-Babazənən” neft yataqlarının, həmçinin “Muğan” monoklinalının cənub-qərb yamacının daxil olduğu blokun bərpası, işlənilməsi və hasilatın pay bölgüsü haqqında” Saziş Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “Global Energy” Azərbaycan şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında imzalanıb. Operator qismində “Neftechala Operating Company” fəaliyyət göstərir. Saziş 2009-cu il oktyabrın 5-də qüvvəyə minib. Saziş sahəsi 2 707,7 km2 təşkil edir.
Neft-qaz əməliyyatları “Neftçala”, “Xıllı”, “Dürovdağ” yataqlarında həyata keçirilir. Bundan əlavə, kontrakt sahəsinə “Babazanan”, “Azadkənd”, “Nəsimkənd”, “Həşimxanlı”, “Sərxanbəyli”, “Muğanlı”, “Orta Muğan” və “Şorsulu” kəşfiyyat strukturları da daxildir. Bütün kontrakt sahəsi Neftçala və Salyan rayonlarının hüdudlarında yerləşir. Hazırda 2 neft-qaz (“Xıllı” və “Neftçala”) və 1 qaz yatağı (“Dürovdağ”) işlənmədədir.
“Dürovdağ” yatağı Şirvan ovalığında, Kür çayının sol tərəfində yerləşir. “Neftçala” yatağı 1931-ci ildə, “Xıllı” - 1954, “Dürovdağ” isə 1978-ci ildə sənaye işlənməsinə cəlb olunub.