"Moody's": Enerji əlçatanlığı süni intellekt dövründə Mərkəzi Asiya və Qafqazın rəqabət qabiliyyətində əsas amildir

Energetika
  • 14 sentyabr, 2026
  • 13:46
Moody's: Enerji əlçatanlığı süni intellekt dövründə Mərkəzi Asiya və Qafqazın rəqabət qabiliyyətində əsas amildir

Rəqəmsal infrastruktura və süni intellekt texnologiyalarına artan tələbat şəraitində enerji resurslarının əlçatanlığı və istehsalın əhəmiyyətli dərəcə artırılması Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin rəqabət qabiliyyətinin əsas amillərinə çevriləcək.

Bu barədə "Report" "Moody's" beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir.

Agentliyin analitikləri qeyd edirlər ki, region ölkələri energetikanın inkişafı üzrə iddialı proqramlara start verirlər. Bu proqramlar enerjinin istehsalı, ötürülməsi və saxlanması sistemlərini əhatə edir. Dövlətlərin strategiyaları mövcud resurs bazasından asılı olaraq fərqlənir, lakin ümumi məqsəd enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, sənaye və texnoloji artım üçün güc ehtiyatının yaradılmasıdır.

"Qazaxıstan və Azərbaycan ənənəvi, eləcə də bərpa olunan resursların birbaşa əlçatanlığını əsas rəqabət üstünlüyü kimi qiymətləndirir. Qazaxıstan 2035-ci ilə qədər bərpa olunan enerji, atom və ənənəvi enerjinin vəhdəti hesabına 26 qiqavatdan (QVt) çox yeni gücü istifadəyə verməyi planlaşdırır. Azərbaycan günəş və külək enerjisi layihələrindən ibarət genişmiqyaslı portfelini fəal şəkildə həyata keçirir", - hesabatda qeyd olunur.

Öz növbəsində, Özbəkistan regionda ən irimiqyaslı proqramlardan birini həyata keçirir. Bu proqram günəş, külək, istilik, atom elektrik stansiyaları və enerji saxlanc sistemlərinin (BESS) kombinasiyası vasitəsilə 2030-cu ilə qədər 20-30 QVt yeni gücün əlavə edilməsini, habelə bu layihələrin rəqəmsal infrastrukturun inkişafı və güzəştli tariflərlə əlaqələndirilməsini nəzərdə tutur.

"Tacikistan və Qırğızıstan isə əsas diqqəti "Roqun" SES və "Qambarata" SES-1 kimi iri obyektlərin tikintisinə yönəldərək hidroenergetika əsasında hesablama güclərini inkişaf etdirir. Bununla yanaşı, bu ölkələr enerji istehsalında mövsümi risklərlə üzləşir, bunu kompensasiya etmək üçün enerji saxlanc sistemləri və bərpa olunmayan mənbələrə əsaslanan ehtiyat güclər tətbiq edilir", - "Moody's"in analitikləri vurğulayırlar.

Agentliyin ekspertlərinin qiymətləndirmələrinə görə, bu investisiya proqramlarının həyata keçirilməsi mövcud tədarük məhdudiyyətlərini tədricən azaltmağa və bütün regionun milli enerji sistemlərinin ümumi etibarlılığını artırmağa imkan verəcək.

44 filmi