İlham Mirzəliyev: “Azərbaycanda istehlak olunan qazın 70 %-i yalnız isitmə məqsədlərinə sərf olunur”

Energetika
  • 16 may, 2025
  • 14:06
İlham Mirzəliyev: “Azərbaycanda istehlak olunan qazın 70 %-i yalnız isitmə məqsədlərinə sərf olunur”
İlham Mirzəliyev

Hazırda Azərbaycanda istehlak olunan təbii qazın 4 milyard kubmetri əhali tərəfindən istifadə olunur ki, bunun da 70 %-i, yəni 2,7 milyard kubmetri yalnız isitmə məqsədlərinə sərf edilir.

“Report” xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev bu gün Milli Məclisdə “İstilik təchizatı haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, ölkədə istehlak olunan elektrik enerjisinin də 20 %-i - təxminən 1,75 milyard kVt/saat - isitmə məqsədlərinə yönəldilir: "Ümumilikdə isə, odun və digər mənbələr də nəzərə alındıqda, hazırda Azərbaycanda illik 28 milyard kVt/saata yaxın enerji isitmə üçün istifadə olunur".

İ. Mirzəliyev bildirib ki, bu gün tikilən binalar istilik mühafizəsi normativlərinə uyğun olmalıdır: “Başqa sözlə, yeni binalar A, B, C enerji səmərəliliyi siniflərinə cavab verməlidir. Bu da o deməkdir ki, binanın enerji istehlakı minimum səviyyədə olmalıdır. Təsəvvür edin, bu normativlərə əməl olunmaması nə qədər enerji itkisilə nəticələnir”.

O qeyd edib ki, ölkədə mövcud yaşayış fondunun ümumi sahəsi 200 milyon kvadratmetrə yaxındır: "Bu sahənin hər kvadratmetrin qızdırılması üçün 140–150 kVt/saata qədər enerji sərf olunur. Müqayisə üçün, Avropa ölkələrində bu göstərici orta hesabla 70–80 kVt/saatdır.

Fərq açıq-aşkardır. Bizim axtardığımız qənaət potensialı buradadır. Əgər isitmə məqsədilə enerji istehlakında 20–30 % qənaətə nail olsaq, bu ən azı 10 milyard kVt/saat enerji deməkdir. Bu qanun layihəsinin fəlsəfəsi də məhz bu rəqəmlərə əsaslanır”, - deyə o vurğulayıb.

İ. Mirzəliyevin fikrincə, fərdi isitmə sistemləri artıq aktual deyil və onların geniş yayılmasının əsas səbəbi əvvəlki illərdə qanunvericilikdəki boşluqlardır. Yeni qanunun qəbulu ilə tikilən binalarda mərkəzləşdirilmiş istilik sistemlərinin tətbiqi mütləq xarakter almalı və bu, öz effektini göstərəcək, “Azəristiliktəchizat”ın sədri vurğulayıb.

44 filmi