“EnerMech” Azərbaycanda enerji sektorunda iki yeni müqavilə imzalayıb

Energetika
  • 13 aprel, 2022
  • 09:55
“EnerMech” Azərbaycanda enerji sektorunda iki yeni müqavilə imzalayıb

“Nobel Energy” şirkətlər qrupuna daxil olan “Oil & Gas Proserv” (OGP) ilə “EnerMech” şirkətləri arasında yaradılmış yeni birgə müəssisə (EnerMech OGP) regionda 3 milyon ABŞ dolları dəyərindəki ilk iki müqaviləsinə imza atıb.

“Report” “Nobel Energy”yə istinadən xəbər verir ki, şirkətin biznesinin daha da böyüməsinə dəstək vermək üçün və yerli işçilərin işlə təmin olunması və inkişaf etdirilməsi ilə bağlı öhdəliyinə uyğun olaraq, növbəti aylarda işə qəbulda artımın baş verməsi gözlənilir.

“EnerMech” qlobal kompleks mexaniki, elektrik, alətlər və bütövlüyün təmin edilməsi xidmətləri üzrə ixtisaslaşmış şirkətdir. Şirkətin Xəzər regionunda Gürcüstan və Qazaxstanda obyektləri mövcuddur. “EnerMech” Azərbaycanda fəaliyyət göstərdiyi 12 il ərzində azərbaycanlı kadrları işə götürərək və inkişaf etdirərək, sektorda öz fəaliyyətini və insan kapitalına qoyduğu sərmayəsini artırıb.

Yeni “EnerMech OGP” birgə müəssisəsi “EnerMech” şirkətinin kompleks təchizat, əməliyyatlar, təmir və mühəndislik üzrə həll yolları və ixtisaslar təminatı ilə bərabər, OGP şirkətinin yerli təcrübəsi, texnologiyaları və neftin verimliliyinin artırılması sahəsindəki səmərəli idarəetmə bacarıqlarından faydalanacaq.

2 milyon ABŞ dolları dəyərindəki ilk müqaviləyə əsasən, gələn il fəaliyyətə başlayacağı zaman gündəlik 100 000 barel neft hasilatını təmin edəcək; ümumi istismar müddəti ərzində isə 300 milyon barel neftin hasil olunması proqnozlaşdırılan; dəniz platformasının və qurğuların daxil olduğu son dərəcə əhəmiyyətli bir sahənin işlənməsi layihəsi üçün mühəndislik, sürtgü yağları ilə yuyulma, akkumulyatorun doldurulması və N2 He sızma testi xidmətləri göstərəcək.

Dəyəri 1 milyon ABŞ dolları məbləğində olan ikinci müqavilə çərçivəsində Abşeron qaz-kondensat yatağının işlənməsinə dəstək göstəriləcək. Bakıdan 100 km cənubda yerləşən Abşeron qaz yatağının ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon tondan çox kondensat həcmində qiymətləndirilir. Əməkdaşlıq çərçivəsində layihədə görüləcək işlərin həcminə mühəndislik, flansın idarə olunması, N2 He sızma testi, qurutma və platformanın üst modulları üçün boruların və çənlərin inertizasiyası (boşaldılması) xidmətləri daxildir.