Dünya Bankı Azərbaycanda BOEM-in inkişafı layihəsinə kreditin təsdiq edilməsinin vaxtını müəyyənləşdirib
- 08 fevral, 2025
- 11:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünya Bankının (DB) Direktorlar Şurası martın 21-də Azərbaycan hökuməti ilə bərpa olunan enerji mənbələrinin (BOEM) inkişafı üzrə birgə layihəni (AZURE) təsdiq etməyi planlaşdırır.
“Report” Dünya Bankına istinadən xəbər verir ki, layihənin ümumi büdcəsi daha əvvəl hesab edildiyi kimi 294,5 milyon ABŞ dolları yox, 173,5 milyon ABŞ dolları təşkil edir.
AZURE layihəsi 1,8 QVt-a qədər BOEM-in Azərbaycanın enerji sisteminə inteqrasiyasını nəzərdə tutur. Layihə çərçivəsində “Abşeron-Qaradağ” külək elektrik stansiyasının (KES) ümumi şəbəkəyə qoşulması, eləcə də enerji təchizatının etibarlılığını artırmaq üçün yeni elektrik verilişi xətlərinin çəkilməsi təmin ediləcək.
Layihəyə Nəvahi qəsəbəsindən Mingəçevirə və Abşerona təxminən 350 km uzunluğunda hava elektrik xətlərinin çəkilməsi daxildir. O cümlədən “Abşeron” KES-dən “Navahi” yarımstansiyasına 65 kilometr uzunluğunda birdövrəli 330 kilovoltluq elektrik verilişi xətti, “Abşeron” yarımstansiyasından “Qobu” yarımstansiyasına 19 kilometr birdövrəli 330 kilovoltluq elektrik verilişi xətti, “Nəvahi” yarımstansiyasından “Ələt” yarımstansiyasına 22 kilometr ikidövrəli 330 kilovoltluq elektrik verilişi xətti çəkiləcək.
Bundan əlavə, layihə çərçivəsində “Nəvahi” yarımstansiyasında iki ədəd 500 MV gücündə transformatorun quraşdırılması, “Abşeron” yarımstansiyasında, “Azərbaycan” İES və “Qobu” elektrik stansiyasında 500 və 330 kV-luq bölmələrin genişləndirilməsi nəzərdə tutulur.
AZURE ölkənin cənub və mərkəzi rayonlarını, o cümlədən səkkiz regionu əhatə edir: Hacıqabul, Yevlax, Ağsu, Mingəçevir, Qobustan, Göyçay və İsmayıllı elektrik verilişi xətləri Kür, Girdimançay, Türyançay, Göyçay çaylarından, eləcə də Yuxarı Şirvan kanalından keçəcək.
Layihədə ilkin olaraq 11 rayon iştirak etsə də, Salyan, Neftçala və Biləsuvar ixtisar edilib.
Yeni elektrik verilişi xətləri ölkənin qərb və şimal-qərb bölgələrində, eləcə də Gürcüstan və Türkiyəyə ixrac xətlərində elektrik şəbəkəsinin dayanıqlığının artırılmasına yönəlib. “Nəvahi” yarımstansiyası cənub rayonlarından qərb rayonlarına, o cümlədən “Ələt” AİZ-ə elektrik enerjisinin ötürülməsi imkanlarını artıracaq ki, bu da regionun enerji təchizatını daha da gücləndirəcək.