Deputat: "Aqrar bölgələr üçün kommunal tariflər azaldılmalıdır"
- 23 oktyabr, 2026
- 13:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın aqrar bölgələri üçün kommunal tariflərin azaldılması təklif edilib.
"Report" xəbər verir ki, belə bir təkliflə deputat Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.
Onun sözlərinə görə, Azərbaycanın bütün bölgələrində iqlim şəraiti eyni deyil: "Bakı və Abşeronda orta illik temperaturla yüksək dağlıq və sərhəd rayonlarında qışın müddəti və sərtliyi arasında ciddi fərqlər var. Qusar, Quba, Gədəbəy, Daşkəsən, Lerik, Yardımlı, Şahbuz və Kəlbəcər kimi rayonlarda ailələrin 7–8 ay istiliyə ehtiyac duyduğu halda, mülayim iqlim şəraitində yaşayan ev təsərrüfatlarının enerji tələbatını eyni limitlərlə qiymətləndirmək sosial bərabərsizlik yaradır".
Deputatın fikrincə, hazırda təbii qazın tarifləri illik istehlakın ilk 1 200 kubmetri üçün 12,5 qəpik, 1 200–2 500 kubmetr aralığındakı hissə üçün 22 qəpik, 2 500 kubmetrdən artıq istehlak üçün isə 30 qəpik müəyyən edilib: "Elektrik enerjisi istehlakında da oxşar yanaşma tətbiq olunur. Halbuki bölgələrdə iqlim şəraiti və istilik enerjisinə tələbat fərqlidir".
O bildirib ki, aqrar sahədə idarəetmə strukturu dəyişdikdə, yeni qurum yaradıldıqda və ya subsidiya qaydaları yeniləndikdə hüquqi mexanizmlər də dəyişir: "Halbuki dövlət siyasətinin davamlılığı nazirin və ya qurum rəhbərinin fəaliyyət müddətindən asılı olmamalıdır. Aqrar sahədə uzunmüddətli və sabit hüquqi mexanizmlər yaradılmalı, dövlət siyasətinin ardıcıllığı təmin edilməlidir".