Çexiya şirkəti Azərbaycanın enerji bazarına modullu koqenerasiya qurğuları təklif edir
- 02 iyun, 2025
- 13:32
Yeniliklərdən dərhal xəbərdar olun!
“Bakı Enerji Həftəsi”ndə ilk dəfə iştirak edən Çexiyanın “Renewable Solutions Europe” (RSE) şirkəti Azərbaycanın enerji bazarında modullu kogenerasiya qurğularının təklifində maraqlıdır.
Bu barədə “Report”a şirkətin texniki direktoru Anton Paderna məlumat verib.
“Biz Çexiyada yerləşən istehsal müəssisəmizdə qaz və aqreqat qurğuları hazırlayırıq. Əsas fəaliyyət sahəmiz bu qurğular əsasında kompleks, modullu həllərin təqdim olunmasıdır. Yəni, müştəri yalnız qurğunu deyil, bütün avadanlıqlarla təchiz olunmuş, birbaşa istifadəyə hazır konteynerdə təqdim edilən komplekt həlli alır. Beləliklə, inşaat prosesinə ehtiyac qalmır – sadəcə qurğunu gətirib qoşmaq və işə salmaq kifayətdir”, – deyə o bildirib.
A. Paderna Azərbaycanın bu texnologiyalar üçün potensial bazar olduğunu vurğulayıb: “Azərbaycanda neft və qaz hasilatı güclü inkişaf edib. Bizim qurğular içərisində müşayiətedici qazla işləyənlər avadanlıqlar da var. Bu, faktiki olaraq atılan və ya yandırılan qazın elektrik enerjisinə çevrilməsinə imkan verir. Beləliklə, qaz hasil edən müəssisələr ya öz tələbatı üçün enerji istehsal edir, ya da satış məqsədilə istifadə edə bilir”.
Şirkət nümayəndəsi əlavə edib ki, hazırda sərginin ilk günüdür və konkret təkliflər olmasa da, bir neçə böyük şirkətlə – o cümlədən Azərbaycanda iri tikinti layihələri həyata keçirən podratçılarla danışıqlar planlaşdırılır: “Azərbaycanda ilk dəfə sərgidə iştirak edirik. Hələlik ümumi maraq var, lakin konkret razılaşmalar yoxdur. Amma biz bu sərgiyə optimist yanaşırıq və qarşıdakı günlərdə nəticə əldə etməyi ümid edirik”.
A. Paderna qeyd edib ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə də ilkin səviyyədə əlaqələr qurulub, lakin hələlik konkret danışıqlar aparılmayıb.