Bolqarıstan Azərbaycan qazının tədarükü ilə bağlı müqaviləni yeniləməyə çalışacaq

Energetika
  • 16 mart, 2022
  • 08:43
Bolqarıstan Azərbaycan qazının tədarükü ilə bağlı müqaviləni yeniləməyə çalışacaq

Bolqarıstan ucuz Azərbaycan qazının tədarükü ilə bağlı aralıq müqaviləni yeniləməyə çalışacaq.

“Report”un Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu ölkənin Baş naziri Kiril Petkov bildirib.

Xatırladaq ki, daha öncə “Bulgargaz” şirkətinin Direktorlar Şurasının sədri İvan Topçiski qaz tədarükçüsü şirkətinin beynəlxalq kotirovkalarında aprel ayı üçün təbii qazın qiymətində 58 % artım olması ilə bağlı hökumətə müraciət edib.

Bolqarıstanın energetika naziri Aleksandr Nikolov isə bildirib ki, ayın sonuna qədər Rusiya-Ukrayna müharibəsi şiddətlənməsə, qiymətlər indiki və ya daha aşağı səviyyədə qala bilər.

“Bulqarqaz” dünənki kəskin qiymət artımı təklifini xarici amillərin diktə etdiyini izah etsə də, bazarların sakitləşdiyini bildirib. “İlk 10 gün ərzində Rusiya-Ukrayna müharibəsi vəziyyətində kotirovkalar və birja indeksləri çox yüksək səviyyədə idi. Bundan sonra biz bu kotirovkalarda azalma müşahidə edirik, bu səbəbdən təklifin nə qədər azalmasını ayın sonuna enerji tənzimləyicisi EWRC rəsmi statistikaya əsaslanaraq deyə bilər”, - İvan Topçiski qeyd edib.

Energetika naziri isə qazdan istifadə edən təsərrüfatları sakitləşdirib: “Bizim davamlı olaraq gördüyümüz iş aprel ayında məişət qazı istehlakının nə qədər olacağına baxmaqdır. Qiymətdən asılı olaraq, ayın sonuna kimi təzminatın necə olması və bunun olub-olmaması ilə bağlı qərar veriləcək”.

Nazir qeyd edib ki, hökumət ölkənin uzunmüddətli Rusiya qazından asılılığı problemini həll etmək üçün variantlar axtarır.

"Alternativ marşrutlar və alternativ təchizat qiymətlərin xeyli aşağı düşməsinə səbəb ola biləcək üsuldur", - A. Nikolov bildirib.

Baş nazir bildirib ki, əgər Bolqarıstan ucuz Azərbaycan qazından imtina etməsəydi və bu ay başa çatan aralıq müqaviləni yeniləsəydi, “mavi yanacağ”ın qiyməti indi başqa cür olardı. O, əmindir ki, hökumət Bakı ilə yeni müqavilə imzalamaq üçün lazım olan hər şeyi edəcək.

Qeyd edək ki, Bolqarıstan bazarına Azərbaycan qazının tam həcminin, yəni 1 milyard kubmetrə qədər tədarükü Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (İGB) inşası həyata keçiriləndən sonra mümkün olacaq.

İGB interkonnektoru Bolqarıstanı Yunanıstan vasitəsilə Azərbaycandan Gürcüstan və Türkiyədən keçməklə Avropaya bağlayan TAP layihəsinə qoşulacaq. Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

Ötən il Bolqarıstana 273 milyon kubmetr Azərbaycan qazı ixrac edilib

Xatırladaq ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. Bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.

Cənub Qaz Dəhlizinin inkişafı çərçivəsində İGB vasitəsilə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri Xəzər regionundan alternativ tədarüklərə və mayeləşdirilmiş təbii qaz idxal etmək imkanına malik olacaqlar.

44 filmi