“Azəristiliktəchizat”ın istilik enerjisi satışından ötən il əldə etdiyi gəlirləri açıqlanıb
- 11 aprel, 2024
- 12:26
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azəristiliktəchizat” ASC 2023-cü ildə istilik enerjisinin satışından 11 milyon 22,4 min manat gəlir əldə edib ki, bu da 2022-ci illə müqayisədə 16,8 % azdır.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ötən il ASC-nin ümumi gəlirlərində əhaliyə istilik enerjisinin satışından əldə olunan gəlir 5 milyon 39,1 min manat (azalma 0,1 %) təşkil edib.
Statistikaya görə, hesabat dövründə əməliyyat xərcləri 71 milyon 36,8 min manat (artım 2,8 %) olub. O cümlədən əməkhaqqı xərcləri 19 milyon 790,4 min manat (artım 4,5 %) təşkil edib.
2023-cü ildə istehlakçılara 1 milyon 715,7 min Qkal (azalma 0,7 %), o cümlədən əhaliyə 1 milyon 193,6 min Qkal (artım 2 %), kommunal ehtiyaclar üçün 522,1 min Qkal (azalma 6,4 %) satılıb.
Ötən il istilik enerjisi itkiləri 218,3 min Qkal (artım 1,5 %) təşkil edib.
2023-cü ilin sonuna “Azəristiliktəchizat” ASC-nin balansında fəaliyyət göstərən qazanxanaların sayı 1 200 ədəd (azalma 0,2 %) olub. Qazanxanaların ümumi gücü 2 min 742 Qkal/saatdır. Eyni zamanda təbii qazla işləyən qazanxanaların sayı 1 137, maye qazla işləyənlər isə 63-dür.