"Azərişıq" ASC-nin ümumrespublika yarışının qalibi müəyyənləşib

Energetika
  • 17 oktyabr, 2026
  • 01:28
Azərişıq ASC-nin ümumrespublika yarışının qalibi müəyyənləşib

"Azərişıq" ASC-nin təşkilatçılığı ilə Hadrutda "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışının final turu keçirilib.

"Report" xəbər verir ki, Hadrut Qovşaq Yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzində təşkil olunan açılış mərasimində əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı maarifləndirmə proqramının keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, Ümumrespublika Yarışının təşkili peşəkar kadrların hazırlığı, yeni nəsil energetiklərin formalaşdırılmasında mühüm rol oynayır.

Tədbirdə Prezident İlham Əliyevin tapşırıqlarına əsasən "Azərişıq" ASC-nin ölkənin bütün regionlarında həyata keçirdiyi yenidənqurma işləri və Ümumrespulika Yarışının regional turlarını əks etdirən video çarxlar nümayiş olunub.

Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual yarışda 11 regional turun qalibi olmuş komandalar; "Astara EŞ", "Göyçay EŞ", "Xaçmaz EŞ", "Xankəndi EŞ", "Qax EŞ", "Qazax EŞ", "Salyan EŞ", "Sumqayıt EŞ", "Şahbuz EŞ", "Yasamal RETSİ", "Zərdab EŞ" nəzəri biliklərini sınayıblar. Onlar bu mərhələdə şəkil, stuasiya, açıq və qarışıq tipli 20 sualı cavablandırıblar.

İkinci mərhələdə iştirakçılar peşə bacarıqlarını göstəriblər. Energetiklər ssenariyə uyğun olaraq ardıcıl praktiki tapşırıqları – elektrik cərəyanına düşmüş şəxsin xilas edilməsi və ona ilkin tibbi yardım göstərilməsi, yanğınsöndürmə, eləcə də 10 kV-luq elektrik xəttində təmir-bərpa əməliyyatlarını yerinə yetiriblər.

Üçüncü mərhələdə "Bilik və bacarıqdan innovasiyaya" innovativ həllər müsabiqəsində yarış iştirakçıları əvvəldən hazırladıqları layihələri təqdim ediblər.

Yekun nəticələrə əsasən "Yasamal RETSİ" komandası birinci, "Xaçmaz EŞ" ikinci, "Astara EŞ" komandası üçüncü yerə layiq görülüb. Qalib komandalar diplom və kubokla mükafatlandırılıb.