Azərbaycanın Vyetnama xam neft tədarükü 1 milyon tonu keçib

Energetika
  • 16 oktyabr, 2026
  • 12:18
Azərbaycanın Vyetnama xam neft tədarükü 1 milyon tonu keçib

Azərbaycan 2023-cü ildən bəri Vyetnama 1,1 milyon tondan çox xam neft tədarük edib.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Vyetnamın sənaye və ticarət nazirinin müavini Fan Thi Thanqla görüşdə Hökumətlərarası Komissiya çərçivəsində enerji, ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi, həmçinin "PetroVietnam" və "ROX Group" ilə birgə layihələrin inkişafı imkanlarını müzakirə etdik", - deyə o qeyd edib.

Görüşdə enerji əməkdaşlığı ilə bağlı Azərbaycanın Vyetnamın neft-qaz sektorunda ənənəvi tərəfdaşlarından biri olduğu qeyd edilib. Azərbaycan xam neftinin Vyetnamın neft emalı müəssisələrinə tədarükünün davam etdirilməsi, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "PetroVietnam" arasında əlaqələrin genişləndirilməsi, neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, neft emalı, neft-kimya və neft-servis xidmətləri sahələrində yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib. Həmçinin mayeləşdirilmiş təbii qazın (LNG) Vyetnama tədarükü perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin bərpa olunan enerji sahəsində Vyetnamın "ROX Group" şirkəti ilə əməkdaşlığa xüsusi diqqət yetirilib. Naxçıvan Muxtar Respublikasında günəş, Bakı ətrafında isə külək elektrik stansiyalarının yaradılması imkanları, imzalanmış Anlaşma Memorandumu əsasında layihələrin növbəti mərhələyə keçirilməsi məsələləri müzakirə olunub.

Nazirliyin məlumatında qeyd edilir ki, tərəflər iki ölkənin ənənəvi dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin siyasi, ticari-iqtisadi və enerji əlaqələrinin inkişafına yeni imkanlar açdığını qeyd edib. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın isə 2025-ci ilin mayında Azərbaycana səfərlərinin ikitərəfli münasibətlərin inkişafındakı mühüm rolu vurğulanıb.

Azərbaycan-Vyetnam iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2025-ci ildə Hanoyda keçirilmiş üçüncü iclasında əldə olunan razılaşmaların icrası, enerji, ticarət, investisiya, nəqliyyat və digər sahələrdə birgə təşəbbüslərin irəlilədilməsi müzakirə edilib.

Həmçinin ticari-iqtisadi əlaqələrin ölkələrin potensialına uyğun genişləndirilməsi, ticarətin şaxələndirilməsi, qarşılıqlı investisiyaların təşviqi istiqamətində birgə fəaliyyətin əhəmiyyəti qeyd edilib. Azərbaycanda Vyetnam investisiyalı 7 şirkətin fəaliyyət göstərdiyi bildirilib. Qeyri-neft məhsulları üzrə ticarətin artırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş layihəsinin yekunlaşdırılması, Azərbaycan-Vyetnam İşgüzar Şurasının növbəti iclasının keçirilməsi məsələlərinə baxılıb.

Nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişlənməsi müsbət qiymətləndirilib. Azərbaycan üzərindən Vyetnamla əlaqəli tranzit daşımalarının 2025-ci ildə 200 %-dən çox, 2026-cı ilin yanvar-sentyabr aylarında isə təxminən 600 % artdığı diqqətə çatdırılıb.

Söhbət zamanı enerji sektoru üçün kadr hazırlığı, ali təhsil müəssisələri arasında əməkdaşlıq və mütəxəssis mübadiləsi imkanlarına da toxunulub.