Azərbaycan Qaz İxrac edən Ölkələr Forumunun Boliviyada keçirilən IV Zirvə Toplantısında təmsil olunub

Energetika
  • 25 noyabr, 2017
  • 06:46
Azərbaycan Qaz İxrac edən Ölkələr Forumunun Boliviyada keçirilən IV Zirvə Toplantısında təmsil olunub

Bakı. 25 noyabr. REPORT.AZ/ Energetika naziri Pərviz Şahbazov Boliviyanın Santa Kruz şəhərində keçirilən Qaz İxrac edən Ölkələr Forumuna (Gas Exporting Countries Forum – GECF) üzv ölkələrin dövlət və hökumət başçılarının IV Zirvə Toplantısında iştirak edib.

“Report” bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, toplantıda təbii qaz ehtiyatlarının suverenliyinin təşviqi, qaz bazarında sabitliyin təmin olunmasına töhfə verilməsi, üzv ölkələr arasında texnologiya mübadiləsinin yaxşılaşdırılması, forumun təbii qaz sektorunda etibarlı və lider qurum kimi mövqeyinin möhkəmləndirilməsi kimi məsələlər müzakirə olunub. Azərbaycanlı nazir Prezident İlham Əliyevin salamlarını və Forumun uğurlu işi ilə bağlı ən xoş arzularını tədbir iştirakçılarına çatdırıb.

Azərbaycanın 2001-ci ildən etibarən forumun işini diqqətdə saxladığını, 2015-ci ildə isə müşahidəçi statusu aldığını xatırladan P.Şahbazov bildirib ki, Forum enerji sahəsində qlobal çağırışların müzakirəsi, beynəlxalq qaz bazarının tənzimlənməsi, qaz istehsalı va tədarükü sahəsində yeni texnologiyaların tətbiqi uzrə təcrübə mübadiləsi və tərəfdaşlar ilə dialoq üçün effektiv bir platformadır. Karbohidrogen ehtiyatlarının quruda və dənizdə ilk dəfə olaraq Azərbaycanda çıxarıldığını vurğulayan nazir deyib ki, müstəqillik qazandıqdan sonra Azərbaycan regional və qlobal səviyyədə strateji enerji layihələrinin təşəbbüskarı olub. Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərlərinin və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi və fəaliyyəti Azərbaycanı qlobal enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaşa çevirib. Transmilli enerji layihələrindən olan “Cənub Qaz Dəhlizi”nin reallaşdırılması ilə Azərbaycan qazı yeni mənbə kimi Avropa bazarlarına daxil olaraq qitənin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayacaq.

Forum çərçivəsində P.Şahbazov Boliviyanin energetika naziri Luis Alberto Sançes, eləcə də tədbirdə iştirak edən digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə energetika sektorunda əməkdaşlıq imkanları müzakirə olunub.

Xatırladaq ki, GECF-in 12 əsas (Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və BƏƏ) və 7 müşahidəçi (Azərbaycan, Qazaxıstan, Niderland, Norveç, İraq, Oman və Peru) üzvü var.

44 filmi