"Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi" üzrə nazirlərin 3-cü iclası keçirilib

Energetika
  • 22 may, 2026
  • 18:55
Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi üzrə nazirlərin 3-cü iclası keçirilib

İstanbulda "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi" üzrə nazirlərin 3-cü iclası keçirilib.

"Report" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Layihənin icrasını sürətləndirəcək tədbirləri əhatə edən Yol Xəritəsinin hazırlanması barədə razılığa gəldik. Bu layihə ölkələrimiz arasında enerji tərəfdaşlığının "yaşıl enerji" bağlantıları əsasında yeni mərhələdə inkişafına mühüm töhfə verəcək", - nazir qeyd edib.

İclasda Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Türkiyəni energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Gürcüstanı iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, Bolqarıstanı isə energetika nazirinin müavini Kiril Temelkov təmsil edib.

Görüşdə COP29 çərçivəsində Bakıda "Şərq-Qərb Yaşıl Enerji Dəhlizi"nin yaradılması təşəbbüsünün irəli sürüldüyü və layihənin "Texniki Tapşırıq" sənədinin (ToR) hazırlanaraq tamamlandığı qeyd olunub. Elektrik enerjisinə artan tələbat və elektrik enerjisi bağlantılarının strateji əhəmiyyətinin güclənməsi kontekstində bu layihənin reallaşdırılmasının vacibliyi vurğulanıb. Prosesin sürətləndirilməsi məqsədilə zəruri tədbirləri əhatə edən Yol Xəritəsinin qısa müddətdə hazırlanması razılaşdırılıb.

Xatırladaq ki, "Azərbaycan Respublikasının Energetika Nazirliyi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi və Bolqarıstan Respublikasının Energetika Nazirliyi arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu" 4 aprel 2025-ci il tarixində Bakıda imzalanıb.

44 filmi