Nazirlik rəsmisi: Qaranohur gölü ərazisində tullantılar yığışdırılıb, zədələnmiş plakatlar yenilənib
- 29 iyul, 2025
- 14:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Qaranohur ərazisindəki tullantılar yığışdırılıb, zədələnmiş plakatlar yenilənib, maarifləndirici nişanlar bərpa olunub, həmçinin marşrut boyunca növbəli nəzarət təşkil edilib.
Bunu "Report"un sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
O qeyd edib ki, hər il istirahət mövsümündə insanların dincəldiyi guşələrdə, çay kənarlarında, dağ çaylarının hövzələrində və digər təbiət ərazilərində tullantılara rast gəlinir:
"Qaranohur gölü marşrutu da istisna deyil. Əməkdaşlarımız ərazini mütəmadi olaraq təmizləsə də, eyni xoşagəlməz mənzərə təkrar-təkrar yaşanır. İldən-ilə belə hallar azalsa da, nəticə hələlik ürəkaçan deyil. Belə halları birmənalı olaraq pisləyir və qınayırıq. Nazirlik tullantılarla mübarizə istiqamətində davamlı təbliğat aparır, təmizlik aksiyaları təşkil edir. Təbiətsevər vətəndaşımızın bu məsələ ilə bağlı paylaşımını təqdir edir və təşəkkür edirik. Ümid edirik ki, bu cür paylaşımlar istirahət mədəniyyətinin formalaşmasına və ictimai qınağın güclənməsinə töhfə verəcək".
Qeyd edək ki, sosial şəbəkədə Qaranohur gölündə ərazinin tullantılarla çirkləndirildiyi, plakatların cırıldığı, eləcə də ağacların üzərində yazıların yazılması ilə bağlı görüntülər yayılıb.