Şura sədri: Rusiya nəşrində Azərbaycanın Bərgüşad və Arpaçayı çirkləndirməsi ilə bağlı yanlışlığa yol verilib
- 27 fevral, 2025
- 12:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu yaxınlarda Rusiyada çap edilmiş kitabda Bərgüşad və Arpaçayın guya Azərbaycandan Ermənistana axdığı və çirkləndirildiyi qeyd olunub.
"Report" xəbər verir ki, bunu "Environmental Protection First" (EPF) Koalisiyasının həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın rəhbəri Amin Məmmədov Ermənistanın mineral xammal resurslarının rəqəmsal xəritəsinin təqdimatında deyib.
O, kitabı Bakıya gətirdiyini və araşdırmağa başladığını bildirib:
"Həmin kitabın müəllifi faktları saxtalaşdırmaqla ictimaiyyətə yanlış məlumat verir. Hazırda həmin kitabın araşdırılmasını davam etdiririk".
A.Məmmədov vurğulayıb ki, Ermənistanın dağ-mədən sənayesinin zərərləri, həmçinin çayları çirkləndirməsi İran mediasında da müzakirə olunur:
"Bu günlərdə İranın ekoloji problemlər üzrə ixtisaslaşmış nəşri olan “Pəyam-e ma” qəzeti Araz çayının çirklənməsi ilə bağlı geniş hesabat dərc edib. Hesabatda açıq yazılır ki, Araz çayı 59 ağır metalla yüksək dərəcədə çirkləndirilib. Suyu çirkləndirən əsas elementlər alüminium, arsen, mis, manqan, molibden, qurğuşun və vanadiumdur, bunlar əsasən Ermənistanın dağ-mədən müəssisələrindən qaynaqlanır”.