"UN Tourism"in Baş katibi mədəniyyətlərin yaxınlaşması üçün süni intellektdən istifadə etməyə çağırıb
- 27 oktyabr, 2026
- 13:08
Yeniliklərdən dərhal xəbərdar olun!
BMT-nin Ümumdünya Turizm Təşkilatının (UN Tourism) Baş katibi Şeyxa Ən-Nüveys süni intellektdən mədəniyyətlərin yaxınlaşması üçün istifadə etməyə çağırıb və bu sahəyə nəzarətin zəruriliyini vurğulayıb.
"Report" xəbər verir ki, o, bunu Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bildirib.
"Əgər texnologiyaların mədəniyyətləri yaxınlaşdırmasını istəyiriksə, onların inkişafını öz axarına buraxa bilmərik. Biz bu prosesin formalaşmasında iştirak etməliyik", - o qeyd edib.
Ən-Nüveysin sözlərinə görə, "UN Tourism" süni intellekt sahəsindəki fəaliyyətində təkcə turizm sektorunda yeni texnologiyaların tətbiqi sürətinə deyil, həm də onlardan kimin faydalanacağına diqqət yetirir.
O xatırladıb ki, 2025-ci ildə təşkilata üzv dövlətlər Ər-Riyad Bəyannaməsini qəbul edərək texnologiyalardan insanların rifahı naminə istifadənin zəruriliyini təsdiqləyiblər. Bu məqsədə çatmaq üçün bacarıqların inkişafına, infrastruktura və məsuliyyətli idarəetməyə investisiyalar tələb olunur.
"Əsl sınaq isə qarşıdadır – bu, prinsipləri konkret nəticələrə çevirməkdir", - baş katib vurğulayıb.
Onun sözlərinə görə, "UN Tourism" müxtəlif ölkələrin hökumətləri ilə onların ehtiyaclarını və süni intellektin tətbiqinə hazırlıq səviyyəsini nəzərə alan strateji yol xəritəsinin yaradılması istiqamətində əməkdaşlıq edir. Bu prosesə Azərbaycan da qoşulub.
Təşkilat turizm sahəsi işçilərinin və kiçik biznes nümayəndələrinin baş verən dəyişikliklərə uyğunlaşa bilməsi üçün təlimlərə çıxışı genişləndirir. Bundan başqa, "UN Tourism" Rabatdakı İnnovasiya Bürosu vasitəsilə Afrika ölkələrinə öz texnoloji həllərini işləyib hazırlamağa kömək edir.
Şeyxa Ən-Nüveys vurğulayıb ki, yeni texnologiyaların tətbiqi yerli icmaların öz mədəniyyəti və tarixinin necə təqdim olunmasına nəzarəti itirməsinə səbəb olmamalıdır.
Bununla əlaqədar Turizm Etikası üzrə Dünya Komitəsi süni intellektin insan hüquqları, şəxsi həyatın qorunması və yerli icmaların rifahı baxımından tətbiqini araşdırır.