Şotlandiya Britaniyadan ayrılmaq üçün yeni referendum kampaniyasına başlayıb

Digər ölkələr
  • 17 oktyabr, 2026
  • 23:49
Şotlandiya Britaniyadan ayrılmaq üçün yeni referendum kampaniyasına başlayıb

Şotlandiya Milli Partiyası (SNP) Şotlandiyanın Böyük Britaniyadan müstəqilliyi ilə bağlı yeni referendumun keçirilməsinə hazırlıq məqsədilə kampaniyaya start verib.

"Report" xəbər verir ki, bunu partiyanın lideri, Şotlandiyanın birinci naziri Con Suinni Aberdində keçirilən SNP qurultayının yekun iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Şotlandiya sakinlərini müstəqilliyi dəstəkləməyə inandırmaq məqsədi daşıyan "tarixdə ən genişmiqyaslı və ən ətraflı düşünülmüş kampaniya" artıq başlayıb. Partiya bu məqsədlə altı rəqəmli məbləğdə vəsait ayırmağı planlaşdırır. Lakin Suinni büdcənin dəqiq həcmini açıqlamayıb.

Suinni hazırda Şotlandiyanın müstəqilliyi ideyasını irəli aparmaq üçün əlverişli şəraitin yarandığını düşündüyünü vurğulayıb. Bu kontekstdə o, sentyabr ayında Şimali İrlandiyanın və Uelsin liderləri Mişel Onil və Run ap İorvertlə birlikdə imzaladığı anlaşma memorandumunu xatırladıb.

Sənəddə Böyük Britaniya hökumətinə müraciət edilərək, regionların Birləşmiş Krallığın tərkibindən çıxması ilə bağlı referendumlar keçirməsinə imkan verəcək zəruri konstitusiya dəyişikliklərinin hazırlanması çağırışı yer alıb.

Memorandumun müəllifləri Şimali İrlandiya, Uels və Şotlandiyanın gələcəyini Avropa İttifaqının tərkibində gördüklərini bəyan edib, həmçinin iqtisadi əməkdaşlığın genişləndirilməsini nəzərdə tutduqlarını bildiriblər.

Bununla belə, Böyük Britaniyanın Baş naziri Endi Börnhəmin nümayəndəsi daha əvvəl hökumətin bu cür referendumların keçirilməsini dəstəkləmədiyini açıqlayıb.

44 - Tezliklə