Rubio: Ukrayna üzrə irəliləyişin olmaması və ABŞ-nin ünvanına səslənən ittihamlar Trampı qıcıqlandırır - Yenilənib-2

Digər ölkələr
  • 20 oktyabr, 2026
  • 17:30
Rubio: Ukrayna üzrə irəliləyişin olmaması və ABŞ-nin ünvanına səslənən ittihamlar Trampı qıcıqlandırır - Yenilənib-2

ABŞ və Ukrayna münasibətlərindəki gərginlik Prezident Donald Trampın danışıqlarda irəliləyişin olmamasından və Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsinin dayandırılması ilə bağlı ittihamlardan narazı qalması ilə əlaqədardır.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Hindistanda jurnalistlərlə söhbətində bildirib.

"Hesab edirəm ki, prezidenti ən çox qıcıqlandıran onun guya qəsdən Ukraynaya qarşı addımlar atmasına dair eyhamlardır. Bu, ədalətsizlikdir və həqiqətə uyğun deyil", - o qeyd edib.

Rubionun sözlərinə görə, Tramp tərəflər arasında razılaşmaya nail olmağa çalışır, lakin iki ilini həsr etdiyi danışıqların nəticəsiz qalmasına görə qəzəb və məyusluq hiss edir.

Enerji bazarındakı vəziyyətdən danışan Rubio bildirib ki, əksər günlərdə Hörmüz boğazından əvvəlki neft həcmlərinin azı 70-80 %-i keçir. Lakin husilərin Səudiyyə Ərəbistanındakı neft kəmərlərinə hücumları və Rusiya-Ukrayna müharibəsi gedişində neft emalı obyektlərinə endirilən zərbələr bazara təzyiqi gücləndirir.

Rubio müharibənin danışıqlar yolu ilə başa çatdırılmasının zəruriliyini vurğulayaraq, insanların həlak olmasına və Ukraynanın enerji sisteminin dağıdılmasına diqqət çəkib. Onun sözlərinə görə, Ukraynada irəliləmə cəhdləri zamanı hər ay 20-25 min rusiyalı hərbi qulluqçu ölür. Döyüş əməliyyatlarının davam etməsi gələcək dağıntılar, eskalasiya və münaqişənin digər ərazilərə yayılması təhlükəsi yaradır.

Silah tədarükünə toxunan Rubio qeyd edib ki, dron əleyhinə raketlər təkcə Ukraynaya deyil, həm də Səudiyyə Ərəbistanına, İsrailə və ABŞ-nin özünə lazımdır.

"Yəqin ki, hazırda bu, müdafiə sahəsində ən çox tələb olunan məhsuldur", - o deyib.

ABŞ hökuməti Rusiya və Ukrayna arasındakı münaqişənin nizamlanmasında irəliləyişin olmamasından məyusdur.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəhbəri Marko Rubio Hindistanda jurnalistlərə bildirib.

"Danışıqlarda irəliləyişin olmaması bizi məyus edir", - M.Rubio deyib.

O qeyd edib ki, ABŞ üçün həm Ukrayna, həm də Rusiya ilə əlaqələri saxlamaq vacibdir, çünki hər iki tərəflə fikir mübadiləsi aparmadan böhranın həllini tapmaq qeyri-mümkündür.

M.Rubio həmçinin vurğulayıb ki, münaqişənin eskalasiyası və onun yeni ərazilərə yayılması riski qalmaqdadır.

ABŞ-nin dövlət katibi Marko Rubio Ukrayna Prezidenti Volodimir Zelenski ilə 45 dəqiqəlik telefon danışığı zamanı bildirib ki, Vaşinqtonun Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsi məsələsində siyasəti dəyişməyib.

"Report" xəbər verir ki, bu barədə Rubionu Hindistana səfəri zamanı müşayiət edən "CBS News" jurnalisti Cennifer Ceykobs "X" sosial şəbəkəsində bildirib.

"Prezident Donald Tramp açıq şəkildə bildirdi ki, bu cür dəyişikliklərlə bağlı heç bir göstəriş verməyib, buna görə də heç nə dəyişməyib. Mən dəyişikliklərin baş verdiyi barədə məlumatları görürəm, lakin onlar sadəcə olaraq həqiqətə uyğun deyil", - Ceykobs dövlət katibinin sözlərini sitat gətirir.

44 filmi