Mario Flores: Əmlak hüquqlarının nəzərə alınmaması böhranlardan sonra bərpanı ləngidir

Digər ölkələr
  • 22 may, 2026
  • 11:23
Mario Flores: Əmlak hüquqlarının nəzərə alınmaması böhranlardan sonra bərpanı ləngidir

Əmlak və mənzil hüquqları məsələləri humanitar böhranların lap əvvəlindən nəzərə alınmalıdır, əks halda bu, bərpa və yenidənqurma proseslərini uzada bilər.

"Report" xəbər verir ki, bunu Bakıda WUF13 çərçivəsində "Habitat for Humanity International" təşkilatının mənzil dayanıqlığı və bərpa üzrə beynəlxalq sahə əməliyyatları direktoru Mario Flores (Mario Flores) bildirib.

Onun sözlərinə görə, əmlak hüquqları humanitar böhranlar və təbii fəlakətlər zamanı zərər çəkən ilk hüquqlardan birinə çevrilir. "Böhranın əvvəlində əsas diqqət həyatların xilas edilməsinə yönəlmiş tədbirlərə verilir, buna görə də əmlak hüquqları məsələləri çox vaxt birinci dərəcəli hesab edilmir", - Flores qeyd edib.

O vurğulayıb ki, mənzil, torpaq və əmlak hüquqlarının vaxtında nəzərə alınmaması bərpanın sonrakı mərhələlərinə mənfi təsir göstərə bilər.

Onun sözlərinə görə, daimi bərpa proqramlarının əksəriyyətini ailələrin böhrandan və ya fəlakətdən əvvəl mənzil və ya torpaq üzərində hansı növ mülkiyyət hüququna sahib olduqlarını anlamadan həyata keçirmək mümkün deyil.

Flores qeyd edib ki, Habitat for Humanity təşkilatı Pathways to Permanence ("davamlı bərpaya gedən yollar") prinsipini tətbiq edir ki, bu da təkcə təcili yardımı deyil, həm də zərər çəkmiş icmaların uzunmüddətli bərpasının planlaşdırılmasını nəzərdə tutur.

O həmçinin qeyd etdi ki, rəsmi mülkiyyət hüququnun olması həmişə məcburi şərt deyil.

"Böhrandan əvvəl mövcud olan qorunan mülkiyyət səviyyəsini təsdiq etmək vacibdir ki, insanlar yenidənqurma zamanı təkrar köçürülməyəcəklərinə əmin olaraq geri qayıda bilsinlər", - Flores əlavə edib.

44 filmi