Avropanın dörd ölkəsində yüzlərlə məktəb partlayış təhlükəsi xəbərdarlığı alıb - Yenilənib
- 19 oktyabr, 2026
- 19:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bazar ertəsi Şimali İrlandiya, Şotlandiya, Macarıstan və Serbiyada yüzlərlə məktəbə partlayış təhlükəsi ilə bağlı mesajlar daxil olub.
"Report" AFP-yə istinadən xəbər verir ki, təhsil müəssisələrinin bir hissəsi təxliyə olunub, lakin hüquq-mühafizə orqanları hədələrin yalan ola biləcəyini hesab edir.
Bu ölkələrdə baş verən insidentlərin bir-biri ilə əlaqəli olub-olmadığı hələlik məlum deyil.
Şimali İrlandiya polisi hadisəni araşdırır və hazırkı mərhələdə təhdidləri əsassız sayır.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, 300-ə qədər məktəb eyni elektron məktubu alıb. Analoji mesajlar Böyük Britaniyanın digər məktəblərinə də daxil olub.
Şotlandiya polisi də ölkə üzrə bir sıra məktəblərə təhdidlər daxil olduğunu bildirib.
"Bu mesajlar yalan məlumat kimi qiymətləndirilir. Polis əməkdaşları araşdırma aparır", - hüquq-mühafizə orqanlarının bəyanatında deyilir.
Macarıstanda yerli media redaksiyalarına da eyni məzmunlu elektron məktublar göndərilib. Onların müəllifləri iddia ediblər ki, ölkənin 70-dən çox məktəbində partlayıcı qurğular yerləşdirilib. Bir çox təhsil müəssisələri təxliyə edilsə də, yoxlamalar zamanı bomba aşkarlanmayıb.
"İndiyədək aparılan yoxlamaların nəticələrinə görə, səhər saatlarındakı hədələrin əsassız olduğu məlum olub", - Macarıstanın daxili işlər naziri Qabor Posfay "Facebook"da bildirib.
Qonşu Serbiyada 100-dən çox məktəbə partlayış hədələri daxil olub, bu barədə RTS dövlət telekanalı məlumat yayıb.
Macarıstanda 70-dən çox təhsil müəssisəsi partlayış təhlükəsi barədə xəbərdarlıq alıb.
"Report" Macarıstan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Qabor Posfay bildirib.
Onun sözlərinə görə, Milli Kəşfiyyat Xidməti müvafiq müəssisələrdə yoxlama həyata keçirib və hazırda bütün ölkə boyu partlayış təhdidləri ilə bağlı məlumatları araşdırır. Təhdidlərin əsassız olduğu məlum olub.
"Polis vəziyyəti ən qısa zamanda aydınlaşdırmaq və zərərçəkmiş müəssisələrdə normal qaydanı ən qısa zamanda bərpa etmək üçün əlindən gələni edir. Uşaqların və müəllimlərin təhlükəsizliyi əsas prioritetdir", – o qeyd edib.
Bazar ertəsi səhər saatlarında təkcə Macarıstanda deyil, digər Avropa ölkələrində - Rumıniya, Serbiya və Böyük Britaniyada da partlayış təhlükəsi barədə məlumatlar daxil olub.
BBC-nin məlumatına görə, təkcə Şimali İrlandiyada 160 məktəb elektron poçt vasitəsilə partlayışla bağlı təhdid alıb.