Macarıstan Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların iki yeni klasterinin açılmasını bloklayıb

Digər ölkələr
  • 29 iyul, 2026
  • 13:32
Macarıstan Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların iki yeni klasterinin açılmasını bloklayıb

Macarıstan Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqların iki yeni klasterinin açılmasını bloklayıb.

"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Financial Times" (FT) məlumat yayıb.

Nəşrin məlumatına görə, Budapeşt Ukraynanın Aİ-nin vahid bazarına inteqrasiyasına, eləcə də iqtisadi və sosial siyasətin genişləndirilməsinə aid olan ikinci və üçüncü danışıqlar klasterlərinin açılmasını bloklayıb.

Qeyd olunub ki, altı danışıq klasterinin hər birində tərəflər namizəd ölkənin öz qanunvericiliyini Avropa İttifaqının normalarına necə uyğunlaşdıracağını müəyyən edirlər. Hər bir klaster üzrə danışıqlara başlamaq barədə qərar yekdilliklə qəbul edilir.

Bildirilib ki, prosesin irəliləməsi üçün Macarıstana münasibətdə "siyasi səylər" tələb olunacaq. Bundan əlavə, ölkə hakimiyyəti Ukraynanın Avropa İttifaqına sürətləndirilmiş şəkildə qəbul edilməsinin əleyhinə çıxış edir. Macarıstanlı nümayəndə "Financial Times"a bildirib ki, Ukraynaya münasibət Balkanlardakı namizəd ölkələrə nisbətən daha əlverişli olmamalıdır.

Aİ-yə daxil olmaq üzrə danışıqlar prosesi altı klasterdə birləşdirilmiş 33 bölməyə (fəslə) bölünür. Onların arasında - daxili bazar, rəqabətədavamlılıq və inklüziv inkişaf, "yaşıl gündəlik" və davamlı qarşılıqlı fəaliyyət, resurslar, kənd təsərrüfatı və həmrəylik, eləcə də xarici əlaqələr var.

İyunun ortalarında Avropa İttifaqı ölkələri Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların birinci klasterinin açılmasını təsdiqləyiblər.

44 filmi