İordaniya ekstremizm təhlükəsinə görə "Telegram"ı qadağan edib
- 16 noyabr, 2026
- 12:01
Yeniliklərdən dərhal xəbərdar olun!
İordaniyada "Telegram"dan ekstremizm və radikalizmin təbliğatı üçün istifadə oluna biləcəyi səbəbindən bu platformadan istifadə qadağan edilib.
"Report" "The National News"a istinadən xəbər verir ki, bu barədə İordaniyanın İctimai Təhlükəsizlik İdarəsinin bəyanatında bildirilib.
"Bu tədbir bu cür platformalardan kibercinayətkarlığa, təhdid və hədə-qorxu yolu ilə pul tələb etməyə yardım məqsədilə istifadə edilməsinin, qanunvericiliyi pozan, ictimai təhlükəsizliyə təhdid yaradan, ekstremizm və radikalizmi təbliğ edən məzmunun yayılmasının qarşısını almağa yönəlib", - bəyanatda qeyd olunub.
Qurum vətəndaşları sosial şəbəkələrdən istifadə edərkən ehtiyatlı olmağa, mənşəyi məlum olmayan hesablar, linklər və təşkilatlarla əlaqədən çəkinməyə, eləcə də rəsmi kanallar vasitəsilə qeyri-qanuni məzmun və fəaliyyət barədə məlumat verməyə çağırıb.
Hakimiyyət "Telegram"ı ötən ay pravoslav kilsəsində baş vermiş terror aktı ilə əlaqələndirməyib. Bununla belə, qadağa bu hücum zamanı doqquz nəfərin öldürülməsinə və 30-dan çox insanın yaralanmasına görə üç nəfərin ölüm cəzasına məhkum edilməsindən bir gün sonra tətbiq edilib.